Muarem Muarem: “Qəbələ”nin sürətli hücum xətti var
15.03.2012 - 14:03
Muarem Muarem: “Qəbələ”nin sürətli hücum xətti var
“Kubok mübarizəsində səfərdə qol vurmaq çox vacibdir. Oyunda heç də pis başlamadıq. Amma qarşılaşmanın gedişində 2 dəfə geriyə düşdük”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Muarem Muarem deyib.

Makedoniya millisinin yarımmüdafiəçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə heç-heçə etdikləri ilk matçla bağlı klubunun rəsmi saytına açıqlama verib. Bərabərlik qolunun müəllifi olan Muarem bildirib ki, son dəqiqələrdə vurduqları qol cavab görüşünə bir qədər rahat çıxmalarına şərait yaradıb: “Bu, o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Sadəcə, ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə, əslində, demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim”.

Yarımmüdafiəçi deyib ki, özünün qol vurmağı deyil, komandanın uğurlu çıxış etməsi əsasdır: “Təbii ki, qol vurmaq özünə əminlik gətirir. Hər 2 cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Adaptasiya ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı 2:2 hesabı ilə yekunlaşıb.