Sergey Yuran: Onların getdiyi yolları mən artıq qayıtmışam - MÜSAHİBƏ
15.03.2012 - 14:38
Sergey Yuran: Onların getdiyi yolları mən artıq qayıtmışam - MÜSAHİBƏ
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Azərbaycandakı fəaliyyəti haqda danışıb.

- Azərbaycanda müqavilənizi hamıya göstərəcəyinizlə bağlı verdiyiniz vəd çoxlarını təəccübləndirdi...
- Mən anlaşmanı hamıya göstərdim. Çoxları inanmırdılar, elə bilirdilər ki, astronomik məbləğə razılaşmışam. Müqaviləni göstərib deyəndə ki, “alın baxın”, hamısı təəccübləndi. Onlar “biz elə bilirdik ki...” deməklə, kifayətləndilər. O qədər də yüksək pul almırdım. Məni daha çox olmayan kollektivi yaratmaq vəzifəsi cəlb etmişdi. “Simurq” son anda çempionata qatıldı. Toplanış, yoxlama oyunları olmamışdı. Ssenarini elə tamaşa zamanı düzüb-qoşurdum.

- Stavropol “Dinamo”suna baş məşqçi təyin olunub, komandanı yuxarı dəstəyə çıxarmaqdan danışanda da hamı sizə gülürdü...
- “Simurq”da vəzifə tam fərqli , əsas komandanın aşağı dəstəyə yuvarlanmaması idi. Biz də 7-9-cu yerlərdə var-gəl edib, təhlükəli zonaya düşmədik.

- Yaroslavlda çalışdığınız vaxt azarkeşlər adınızı səsləndirir, tribunalarda soyadınızı yazırdılar...
- O, Yaroslavlda idi. Zaqatalada bəzi oyunlardan sonra əllərində gəzdirirdilər. Ordan ayrılanda şəhər şokda idi. İndiyədək zəng edib, təşəkkürlərini bildirirlər. Təbii ki, azarkeşlər komandanın daha yüksək yerlərə iddia etməsini istəyirdilər. Lakin yaxşı başa düşürdülər ki, büdcəsi bizimkindən 5-7 dəfə çox olan klublar da var.

- “Simurq”dakı işinizlə gücünüzə inamda şübhəyə səbəb olmadı?
- Əsla. Hamını bizə hörmətlə yanaşmağa məcbur etdik. Zaqataladakı oyuna 2 gün əvvəldən gəlirdilər: “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”. Çoxları qeyd edirdi ki, bu komandalar digər səfərlərə 1 gün qalmış gedir.

- “Simurq” nəticə qazana bilmədiyiniz ilk klub oldu...
- Düşünürəm ki, təcrübə daha vacibdir. Ölkəmizdə bununla çox çətindir. Buna öyrəşmişəm: Nəticə varsa işləyirsən, yoxdursa, get öyrən.

- Nə vaxt 2 ayaq üstdə dayanan məşqçi olduğunuzu dərk etdiniz?
- Azərbaycana qədər, Qazaxıstanda. Astana “Lokomotiv”ində Titov, Tixonov, Şatskix kimi ulduzlarla işləyirdim. Onlarla işləməyi bacarmaq lazımdır.

- Azərbaycanda məşqçiliklə yanaşı, futbolçularımızla dost olmaq istəyirdiniz?
- Məncə bunu bacardım. Yerli futbolçular da komandadan gedəndə öyrətdiklərimə görə təşəkkür edirdilər. Mənə qədər “Simurq”da yığma üzvü olmayıb. Mənim vaxtımda isə tilsim qırıldı.

- Siz qapıları futbolçuların üzünə açmışdınız?
- Bütün komandalarda istənilən problemi olanlar yanıma gəlirdilər. Əsasən də şəxsi problemlər üçün müraciət edirdilər. Məsələn, kapitanımız gəlib 2 günlük icazə aldı ki, bacısının nişanlısı ilə tanış olmalıdır. Bu, onların adətləridir. Bəzən isə özüm görürəm ki, kimsə ürəklə çalışa bilmir. Çağırıb aydınlaşdırıram. Problemini öyrənirəm.

- Nəticəsi necə olur?
- Yoldaşı ilə dalaşıb, anası ilə küsüb, nənəsi xəstələnib – normal şeylərdir. Həmişə demişəm ki, biz insanıq, robot deyilik. Futboldan kənarda nə qədər rahatıqsa, futbolda bir o qədər asan olacaq.

- Sizi aldadıb, istifadə edənlər olmurdu?
- Məni aldatmaq çətindir. Çox şey görmüşəm. Onların getdiyi yolları, mən artıq gedib-qayıtmışam da. Deyirdim ki, aldatmaq haqda düşünməyin. Ən təmizi səmimi olmaqdır. İnsan kimi dərdinizi deyin. Mən də dəstək olum.