“Azarkeşlər etiraz etməkdə haqlıdırlar”
15.03.2012 - 15:24
“Azarkeşlər etiraz etməkdə haqlıdırlar”
“Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi

- Komandanız “İnter”lə kubok oyundan sonra Lənkərana qayıdıb, hazırlığa başlayıb?
- Son 1 ayda səfərlərdə olmuşuq. Bu səbəbdən futbolçulara qısamüddətli olsa da, dincəlmələrinə imkan yaratdıq. Sabah Lənkərana yollanıb, Premyer Liqanın növbəti turunun matçına hazırlığa başlayacağıq.

- “Xəzər Lənkəran” ardıcıl 2 oyundur məğlubiyyətlə üzləşir. “Altılıq”da “Qarabağ”a 0:1, kubokda isə “İnter”ə 2:3 hesabı ilə uduzdunuz. Belə uğursuz çıxışı nə ilə əlaqələndirərdiniz?
- Biz həm çempionluğu, həm də kuboku qazanmaq uğrunda mübarizə aparırıq. Ancaq “Qarabağ” və “İnter”lə səfər oyunlarında bəxtsizlik nəticəsində ardıcıl 2 məğlubiyyət aldıq. “Qarabağ” kimi güclü komandaya 1 qol imkanı verdik və cəzalandıq. “İnter”lə səfər matçına 2 qol vurursan, istifadə edə bilmədiyin daha bir neçə qol imkanı yaradırsan, ancaq sonda meydanı məğlub tərk edirsən. 3 səhv üzündən 3 qol buraxırsan ki, bunun birində rəqib penaltidən fərqləndi. Əlbəttə, məğlub olmaq hər kəsə pis təsir edir. Ancaq toparlanacağıq. Hər halda, hələ heç nə itirməmişik. Kubokdakı səfərdə nəticəsi şanslarımızı azaltmır. “Altılıq”da isə cəmi uduzduğumuz 1 oyun var.

- Buraxılan qollarda müdafiə xəttinin səhvləri, diqqətsizlik öz sözünü deyir. Sizcə, bunun səbəbi nədir?
- Buna yalnız müdafiəçilərin xətası kimi yox, komanda şəklində səhv kimi baxmaq lazımdır. Hər halda, qolu vuran da, buraxan da komandadır. Düzdür, son 2 oyunda müdafiədə səhvlər etdik. “Altılıq”da, yaxud kubokda belə rəqiblərlə oyunda bu cür səhvlər buraxanda, kimsə kimsəni bağışlamır.

- “İnter” 2-ci qolu vurarkən qapıçınız Kamal Bayramov inamsız oynadı. Onun çıxışını necə dəyərləndirərdiniz? Ümumiyyətlə, əsas qapıçınız Kamran Ağayevin yeri çoxmu görünür?
- Bu qola görə Kamalın üstünə düşməyə gərək yoxdur. Düzdür, həmin epizodda səhvi oldu. Kamran Ağayev də qapıda olsaydı, bəlkə də xətalı qolu “yeyə” bilərdi. Bu, keçib getdi, irəli baxmaq lazımdır.

- Təqvimdə elə alındı ki, son 5 oyunu səfərdə keçirdiniz. Bu amil komandanın çıxışına böyük təsir göstərdi?
- Təbii ki, bunun böyük təsiri oldu. Biz fevralın 15-də AZAL-la oyundan sonra Lənkərandan çıxdıq. Bu gün martın 15-dir. Yəni, bir aydır yollardayıq. Bu müddət doğru-düzgün çalışmaq imkanımız olmadı. Matçlar ardıcıl oldu, 3 gündən bir meydana çıxmalı olduq. Bu müddətdə təsadüfən kənarda gəzən yeganə komanda biz idik. Bəziləri Bakıda, bəziləri öz evlərində matçları gözlədilər. Təbii ki, hər dəfə başqa yerdə qalmaq, hazırlığı istənilən kimi etməmək öz təsirini göstərir.

- “Xəzər Lənkəran” öz meydanında daha yaxşı təsir bağışlayır ki, bunda çılğın azarkeşlərinizin böyük rolu var. Bəs komandanın səfərdəki çıxışı sizi nə dərəcədə razı salır?
- Komandamızın evdə daha yaxşı oynamağı dəqiqdir. Bizə öz azarkeşlərimiz qarşısında oynamaq daha xoş idi. Hər komanda öz meydanında daha böyük zövqlə oynayır. “Xəzər Lənkəran” rəqib meydanında da qazanmaq üçün oynayır, mübarizə aparır. Ancaq komandanın 1 ayda üst-üstə 5-ci səfər oyununu keçirməyi çox da asan deyil. Yenə deyirəm ki, bu maçlarda öz səhvlərimizdən yenildik.

- “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərliklə görüş oldumu?
- Qətiyyən.

- Nəticəyə baş məşqçi cavabdehdir və uğursuzluğa görə, rəhbərliyə hesabat verməlidir...
- Bu, hər bir işdə belədir. Rəhbərliyə işlərin gedişi haqda məlumat verməlisən. Mənim prinsipimdə belə bir şey var ki, işlər pis gedərsə, heç bir şey danışmağın anlamı yoxdur. Onsuz da işlər pis gedir. İşlər yaxşı gedərkən, nəsə danışmaq olar.

- Ancaq azarkeşlər fərqli düşünürlər. Onlar uğursuzluq olanda, ilk növbədə baş məşqçini istefaya çağırırlar. Hansı ki, “İnter”lə matçda bunun şahidi oldunuz...
- Təbii ki, azarkeşlər narazılığını bildirəcək. Buna görə fanatlara heç bir şey deyə bilmərik. İstədiyi şəkildə narazılığını göstərəcək. Azarkeşlər etiraz etməkdə haqlıdırlar, amma... Kimsə onlara “sus, qışqırma” da deyə bilməz.

- Belə çıxır ki, “Şəfa” stadionunda azarkeşlərin hərəkətini normal qarşıladınız?
- Komandanın uduzduğu matçlarda necə oynadığına, iddiasının nə dərəcədə davam edib-etməməyinə real baxmaq lazımdır. Hər kəs bunu gözü önünə gətirməli, komandanın vəziyyətinə qiymət verib, sonra fikirlərini bildirməlidir. Mənim etirazım buna görədir. Hazırda komanda nəsə itirməyib. Sadəcə, 2 matç uduzmuşuq.

- Yəni çempionatda liderlə 5 xal fərqini, kubokda isə mübarizənin bitmədiyini nəzərdə tutursunuz...
- Bəli. Hələ qarşıda 9 tur var, kubokda isə evdə cavab oyunumuz qalıb. Çempionatda hamı bir-biri ilə oynayacaq və xal itkiləri olacaq. Bunun nəticəsində turnir cədvəlində yerdəyişmələr baş verəcək.

- Bununla belə, azarkeşlər nə qədər önəmli olsalar da, vəziyyətdən çıxış yolu ilə bağlı yekun qərarı rəhbərlik verir...
- Azarkeş hər yerdə narazılığını göstərir. Ancaq komandanın başında 1 insan var. Hər azarkeşin dediyi ilə qərar qəbul olunmur. Onda “Real, “Barselona” nə etsin? Onların milyonlarla azarkeşləri var. 100 min insan fərqli istəkdə olsa, necə nəticə ala bilərsən?

- Son transferləriniz olan serbiyalı müdafiəçi Stevan Bateslə honduraslı hücumçu Rendall Brenes təlim-məşq toplanışında iştirak edə bilmədi. Onların hazırkı çıxışı sizi nə dərəcədə razı qalır?
- Düzdür. Artıq yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Dünən Brenes 2-ci dəfə 90 dəqiqə meydanda qaldı. Yaxşı oynadığını düşünürəm, qol vurdu. Bates isə Azərbaycanda çıxışı ilə böyük təcrübə qazanıb. Fikrimcə, onlar bizə faydalı olacaqlar.

- Böyük ümidlərlə transfer etdiyiniz, hətta oyunlarını izləmək üçün Bamakoya getdiyiniz malili futbolçular özlərini göstərə bilmirlər. Bu, nə ilə bağlıdır?
- Burada belə fikir formalaşıb ki, gələn hər legioner ilk vaxtdan daim əsas heyətdə yer alacaq, komandasını çempionluğa, kuboka daşıyacaq. Ancaq yeni gələn əcnəbilərin uyğunlaşmağını, yaşını nəzərə almaq lazımdır. Onların ikisi də gəncdir. Hər ikisi ilə 3 illik müqavilə imzalamışıq. Bunlar gələcəyə hesablanan transferlərdir.

- Qarşıdakı turda Lənkəranda sabiq klubunuz “Bakı” ilə qarşılaşacaqsınız. Bu komandanın baş məşqçi postuna dəyişiklik oldu. Bütün bunları nəzərə alsaq, oyun haqda fikirləriniz maraqlıdır...
- “Altılığ”ın bütün matçları çətindir. Hamı bir-biri ilə görüşəcək və heç kimə asan olmayacaq. Ancaq 3 xal qazanmaqdan başqa çarəmiz yoxdur. Buna nail olsaq, turnir cədvəlində vəziyyətimizi xeyli yaxşılaşdıra bilərik...

- Yəni “Neftçi” ilə “İnter” həmin turda bir-biri ilə görüşdüyündən, rəqiblərinizdən ən azı birinin xal itkisi qaçılmazdır...
- Elədir. Bunlardan biri, yaxud ikisi xal itirmək zorunda olacaq. Bu zaman qalib gəlsək, onlara daha da yaxınlaşacağıq. Ona görə də “Bakı” ilə oyun bizim üçün mütləq qazanmalı olduğumuz bir matçdır.

Mehman SÜLEYMANOV