Elnur Abdullayev: Az-az, amma baxımlı qol vururam - MÜSAHİBƏ
15.03.2012 - 16:23
Elnur Abdullayev: Az-az, amma baxımlı qol vururam - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- “İnter”lə məğlubiyyəti nə ilə izah edərsiniz?
- Təbii ki, uduzduğumuz üçün nəticədən razı deyilik. Ancaq son 10 dəqiqəni nəzərə almasaq, oyunumuz çox yaxşı alındı. Biz oynadıq, “İnter” qələbə qazandı. Hesabda geridə olduğumuz zaman irəli çıxdıq. Həmin vaxt fikirləşirdik ki, 3-cü qolu da vuracağıq. Ancaq komandamız arxaya çəkildi və belə problemlər yaşadı. Bunun nəticəsində 2 qol buraxaraq, 2:3 hesabı ilə uduzduq. Buna baxmayaraq, yaxşı şansımız var. Çünki kubokda səfərdə 2 qol vurmaq, səhv eləmirəmsə, 4 topa bərabərdir. Bu baxımdan 1:0, 2:1 hesablı qələbə qazansaq, mərhələni keçəcəyik. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik.

- Komandanızın qollarından birini siz vurdunuz. Özü də uzun fasilədən sonra fərqləndiniz. Qol yadınızda necə qaldı?
- Mən çox qol vuran futbolçu deyiləm. Az-az vururam, amma baxımlı qol vururam. Belə oldu ki, driblinq etdim və zərbəm düz “doqquzluğ”a getdi. Qələbə qazansaydıq, daha yaxşı olardı. Ancaq qismət belə imiş. İnşallah, yaxşı olar.

- Vurduğunuz qollar baxımlı alınmaqla yanaşı, zərbələriniz zamanı qapıçılar reaksiya göstərə bilmirlər. Bu, məşqlərdə zərbələr üzərində xüsusi işləməyiniz nəticəsidir?
- Yox. Sadəcə, ayağıma yaxşı “oturanda” top “doqquzluğ”a gedir və qapıçı buna reaksiya verə bilmir.

- Belə bacarığınız olduğu halda, qapıya tez-tez zərbə vurmaq lazımdır ki, çox qol vurasınız. Ancaq nədənsə bunu etmirsiniz...
- Elədir. Ancaq bu zərbəni vurmaq anı olur. Elə olur ki, imkan yaranmır. Bu zaman yersiz zərbələr vurmaq lazım deyil. “İnter”ə vurduğum qolda elə vəziyyət idi ki, bu, qapıya zərbəlik idi. Mən də vurdum və qol oldu. Düzdür, məşqlərdə qapıya zərbələr üzərində tez-tez çalışırıq. Sadəcə, bunun üzərində daha çox işləmək lazımdır. Hər oyunda zərbə vurmaqdan istifadə etmək olar. Ancaq bir də var ki, 1 qol vur, effektli olsun.

- Qapıya çox zərbə vurmağın, qollarının sayının çox olmağı üçün meydanda çox olmalısınız. Ancaq siz daha çox ehtiyatda qalır, sonradan meydana çıxırsınız. “İnter”lə oyunda isə uzun fasilədən sonra əsas heyətdə meydana çıxdınız, özü də kapitan kimi. Bunu gözləyirdiniz?
- Əlbəttə, gözləyirdim. Baş məşqçimiz mənə deyir ki, səndən razıyam, problem yoxdur. Mən problem yaradan insan deyiləm. Şansımı gözləyirəm. Bu, verilərsə, çıxıb, özümü sübut etməyə çalışıram. “Xəzər Lənkəran”da kapitan olmaq böyük məsuliyyətdir. Mən də bunu hiss edirdim və kapitanlıq mənə vermişdilər. Mən də əlimdən gələni etməyə çalışırdım ki, bu məsuliyyəti öz üzərimdə daşıyım.

- Klubun tarixinə daha bir, sayca 20-ci kapitan kimi düşdünüz...
- Rahid Əmirquliyevdən sonra kapitanlığı mənə verdilər. Komandamda kapitan olmaq mənim üçün böyük bir şeydir.

- Əsas heyətdə möhkəmlənmək perspektivini necə görürsünüz?
- Mən demək olar il yarımdır ki, “Xəzər Lənkəran”dayam. Yeni gələndə demək olar əsas heyətdə oynadım. Sonra baş məşqçi dəyişiklik etdi, problemlər oldu. İnşallah, çalışacağam ki, əsas heyətdə yerimi möhkəmlətməyə və daha irəliyə gedim. Yığmaya düşməyi də istəyirəm.

- Komandanızın son vaxtlar çıxışını necə dəyərləndirirsiniz? Çempionatda kubokda uğur qazanmaq şanslarınız necədir?
- Ötən mövsüm kuboku qazandığımız heyət çox komplektləşmişdi. Futbolçular bir-birinə çox öyrəşmişdi. Onlar çox baxımlı oyun göstərirdi. Ancaq nədənsə həmin futbolçular komandada qalmadı. Elələri var ki, getdi. Uşaqlar pərən-pərən düşdü. Yenidən təzə komanda yığıldı və yeni futbolçular gəldi. Uyğunlaşmaq söhbəti var. Bu gün elə komandalarımız var, futbolçular 4-5 ildir bir yerdə oynadıqlarından, meydanda bir-birlərini göz yumulu başa düşürlər. Bu mənada “Qarabağ”ı qeyd edə bilərəm. Fikrimcə, komanda komplektləşmiş olmalıdır. Futbolçular ən azı 3-4 il bir yerdə olmalıdır ki, sonra çətinlik çəkməyəsən. Bizdə yeni futbolçular da olduğundan, bir az çətinlik var. Əlbəttə, nəticə qazanmaq üçün komplektləşmə çox vacibdir. Başqa variant yoxdur. Biz sonrakı oyunlarda qələbə qazanmalıyıq ki, çempionluq mübarizəmizi davam etdirək. Kubokda da irəliləmək üçün cavab matçında ən azı 1 top fərqi ilə qələbə qazanmağımız lazımdır.

- Sonda, az öncə Cüneyt Biçər istefaya göndərildi və onun yerinə Yunis Hüseynov baş məşqçi təyin olundu. Bu barədə nə deyə bilərsiniz?
- Mən rəhbərliyin qərarına qarışa bilmərəm.

Mehman SÜLEYMANOV