10-cu istefa: Biçər 10-u görmədi, 10-cu gəldi
15.03.2012 - 16:49
10-cu istefa: Biçər 10-u görmədi, 10-cu gəldi
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər 10-cu oyununu görə bilmədi. Apasport.az saytının məlumatına görə, 37 yaşlı türkiyəli çalışdırıcı 9 matçdan sonra istefaya göndərildi.

Biçər 2010-cu ildə qalibi olduğu Azərbaycan kubokunda Lənkəran klubunun çalışdırıcısı kimi debüt etməyi düşərli olmadı. O, “İnter”lə kubokun ¼ final mərhələsində dünən “Şəfa” stadionunda 2:3 hesabı ilə uduzduğu matçda azarkeşlərin istefa şüarları ilə üzləşdi və ertəsi vəzifəsindən çıxarıldı.

Biçər cənub klubunu 9 oyuna çıxardı ki, bunlardan 5-də qalib gəlib, 1-də heç-heçə edib, 3-də uduzub, 16 xal toplayıb (topların fərqi 15-7). O, “Xəzər Lənkəran”ın 8 illik tarixində 9-cu baş məşqçisi idi. Türkiyəli Premyer Liqamızın cari mövsümündə ən gənc çalışdırıcı idi. Ötən yay Lənkəran klubunun dəvəti ilə ölkəmizə qayıdan Biçər ilk vaxtlar uşaq futbolu üzrə koordinator, ardından bir müddət əvəzedici komandanın baş məşqçisi oldu. O, ötən ilin dekabrında istefaya göndərilən rumıniyalı Mirça Redniki əvəzləmişdi.

Biçər ölkəmizdə ilk klubu olan “Bakı”da da baş məşqçi postunda fəaliyyəti qısa müddətli oldu. O, həmin – 2009/10 mövsümünü gümüş medalçı və ölkə kubokunu qazanmaqla, bitirmişdi. Bu, “Xəzər Lənkəran”da cari mövsümdə 2-ci, Premyer Liqamızda 10-cu istefa oldu.

Qeyd edək ki, Biçəri əvəzləyən Yunis Hüseynov klubun tarixində 10-cu baş məşqçi oldu.

Mehman SÜLEYMANOV