“Xəzər Lənkəran” üçün 2, Yunis Hüseynov üçün 3 il sonra
15.03.2012 - 17:16
“Xəzər Lənkəran” üçün 2, Yunis Hüseynov üçün 3 il sonra
2 illik fasilədən sonra “Xəzər Lənkəran” klubunda yerli baş məşqçi dönəmi başladı. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynov 2004-cü ilin iyulunda yaradılan “ağ-yaşıllar”ın 5-ci azərbaycanlı çalışdırıcısı oldu. Əvvəllər Nazim Süleymanov, Ağasəlim Mircavadov, İqor Ponomaryov baş məşqçi postunda çalışıb. Amma Hafiz Əliyev komandanı cəmi 1 oyunda baş məşqçi əvəzi kimi meydana çıxarıb.

Mircavadov klubun tarixində rekordçudur. Belə ki, “Xəzər Lənkəran”ın 4 tituldan 3-ü – 1 ölkə çempionluğu və 2 kubok təcrübəli mütəxəssisin vaxtında olub. Qalan 1 ölkə kuboku rumıniyalı Mirça Rednik qazanıb. Özü də Mircavadov 2 müxtəlif vaxtda – 2006-08-ci illərdə və 2009/10 mövsümündə komandanı çalışdırıb və 119 oyunla matç sayında mütləq rekordçudur. İkinci fəaliyyətində mükafatsız qalan 65 yaşlı mütəxəssis gedişi ilə yerli baş məşqçilərin fəaliyyətində fasilə yaranmışdı.

Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşən Nazim Süleymanov da 2 müxtəlif vaxtda çalışıb. Ponomaryov isə 2008/09 mövsümünün II dövrəsində çalışaraq, bundan sonra vəzifəsindən çıxarıldı.

Hüseynov 3 illik fasilədən sonra işinə qayıtdı. 47 yaşlı çalışdırıcının məşqçilik karyerası əsasən “Karvan”a bağlı olub. Yevlax təmsilçisinin ilk çalışdırıcı kimi tarixə düşən keçmiş yarımmüdafiəçi onunla çempionatımızın gümüş və bürünc medalını qazanıb. Hüseynov “Standard”da da işləyib ki, orada 2007/08 mövsümünün ilk dövrəsində işlədikdən sonra “Karvan”a qayıdıb.