“Xəzər Lənkəran” daha bir məşqçi ilə yollarını ayırır
15.03.2012 - 17:56
“Xəzər Lənkəran” daha bir məşqçi ilə yollarını ayırır
“Xəzər Lənkəran” türkiyəli məşqçi Faiq Vuralla yollarını ayıracaq. Bu barədə apasport.az saytına cənub təmsilçisinin icraçı-direktoru Höccət Hacıyev məlumat verib.

O bildirib ki, baş məşqçi postundan ayrılan Cüneyt Biçərin əsas köməkçisi olan Vuralla yollar ayrılacaq: “Vural Biçər baş məşqçi postuna keçəndən sonra onun dəvəti ilə gəlmişdi. Biçər əsas komandadan idman direktoru postuna qayıdır. Bu üzdən daha Vuralın xidmətinə ehtiyac yaranmır və onun qalmağı nəzərdə tutulmayıb. Ancaq Biçərin özü ilə birgə gətirdiyi 4 türkiyəli uşaq məşqçisi qalaraq, aşağı yaş qruplarından ibarət komandalarımızda fəaliyyətlərini davam etdirəcək”.

Hacıyevdən yeni baş məşqçi Yunis Hüseynovun köməkçiləri kim olacağını da soruşduq: “Bunu Hüseynov özü müəyyənləşdirəcək. Məşqçilər korpusumuzda qapıçılarla işləyən Hafiz Əliyev fəaliyyətini davam etdirəcək. Qalan köməkçilərinə Hüseynov qərar verərək, ona lazım olanlara dəvət göndərəcək”.

Qeyd edək ki, Hüseynovun “Karvan” və “Standard”da dəyişməz köməkçisi olan Zakir Mahmudov hazırda I divizionda işləyir. O, 2-ci yerdə “Karvan”ın baş məşqçisi kimi çalışır.

Mehman SÜLEYMANOV