Braziliya millisi yarımfinala darmadağınla yüksəldi
16.03.2012 - 10:37
Braziliya millisi yarımfinala darmadağınla yüksəldi
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatında daha bir yarımfinalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, B qrupunda keçirilən IV turun oyunlarından sonra Braziliya futbolçuları 1/2 finala vəsiqəni təmin edib.

Bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın 1 addımlığında olan “sambaçılar” artıq yarımfinala vəsiqəni təmin edən Kolumbiyanı 5:1 hesabı ilə darmadağın ediblər. Bununla da qrupdakı son oyunların nəticələrindən asılı olmayaraq, Braziliya qrup qalibi, Kolumbiya isə 2-cisi kimi növbəti mərhələyə adlayıb. Autsayderlərin oyununda isə Paraqvay Çilini 2:1 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Braziliya 3, Kolumbiya 4 oyundan 9 xal toplayıb. Venesuela və Paraqvayın 3 matçda 3 xalı varsa eyni sayda qarşılaşmaya çıxan Çili xala həsrətdirlər.

Qeyd edək ki, Braziliya və Kolumbiyanın artıq vəsiqəni təmin etdiyi yarımfinalda oynayacaq 4 komandadan 3-ü Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazanacaq.