Georgi Nikolov: Bu dəfə ona son təklif edildi
16.03.2012 - 13:13
Georgi Nikolov: Bu dəfə ona son təklif edildi
“Georgi Çixradzenin komandamızdan getmək variantı çoxdan var idi. Hələ Qyoko Hacıyevski “Simurq”dan ayrıldığı vaxt zaqatalalılar ona təklif göndərmişdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Bolqarıstanlı futbol funksioneri baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi Georgi Çixradzenin komandadan ayrılıb, “Simurq”un “sükanı arxasına” keçməsinə münasibət bildirib: “Həmin vaxt Çixradze “İnter”də qalmağa qərar verdi. Mövsümün əvvəlində də məhz onunla danışıqların müsbət nəticələnməməyi nəticəsində “Simurq” Sergey Yuranla anlaşdı. Bu dəfə isə ona son təklif edildi: Ya təklifi qəbul et, ya da biz başqa variant tapacağıq. O da qəbul etdi”.

Klub prezidenti Çixradzenin yerinə yeni məşqçi axtarmadıqlarını açıqlayıb: “Mövsümün bu vaxtında onun yerinə kiminsə gətirilməsinə ehtiyac duymuruq. Məncə Kaxaber Sxadadze Çixradzesiz də keçinə bilər. Həm də komandamızda başqa məşqçilər də var. Camaləddin Əliyev var, bir gənc məşqçi – Zaur Məmmədov da var. Üstəlik, Roman Cəfərov da kömək edir. Belə olan halda, yeni məşqçi gətirib onu komanda sistemini öyrətməyə ehtiyac yoxdur. Bunun üçün əlavə vaxt lazım olardı”.