“Azarkeşləri görsəydiniz, dəhşətə gələrdiniz”
17.03.2012 - 11:00
“Azarkeşləri görsəydiniz, dəhşətə gələrdiniz”
“Xəzər Lənkəran” klubunun futbolçusu Alim Qurbanovun apasport.az saytına müsahibəsi

- Komandanızda baş məşqçi dəyişikliyini necə qarşıladınız?
- Bundan srağagün günorta saatlarında xəbər tutduq. Dedilər ki, baş məşqçi postuna Yunis Hüseynov gəlib. Hər şey ani oldu. Görünür, “İnter”ə məğlubiyyətdən sonra azarkeşlərin Cüneyt Biçəri istefa səsləməsi öz təsirini göstərib.

- Baş məşqçinin üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədiyini düşünürsünüz?
- Belə çıxır da. Komanda son 2 oyunda uduzdu. Əvvəl “altılıq”da “Qarabağ”a, sonra “İnter”ə.

- Biçərin oyundan əvvəl və ya sonra istefa vermək fikri vardı?
- Belə bir şey yox idi. Hər şey tez bir zaman kəsiyində oldu.

- “Xəzər Lənkəran”ın heyətində yeganə futbolçusunuz ki, yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında oynamısınız. Yəqin ki, buna görə onun təyinatına ən çox siz sevindiniz...
- Sözsüz. Hüseynovun təyinatını yaxşı qarşıladım. Hələ 2010-cu ildə Ağasəlim Mircavadov istefaya göndəriləndə, rəhbərlik məndən Yunis Hüseynovun necə məşqçi olmasını soruşmuşdu. Onda dedim ki, yaxşı məşqçidir. Amma sonradan baş məşqçi postuna rumıniyalı Mirça Rednik keçdi. Bildiyiniz kimi, Redniki çempionatın ortasında çıxardılar, Biçəri əvəzedici heyətdən əsas komandaya gətirdilər. Bu, müvəqqəti idi, o demək deyildi ki, Biçər qalıb, həmişəlik işləyəcək. Fikrimcə, Azərbaycan çempionatında yerli məşqçilər işləməlidir.

- Yenidən azərbaycanlı məşqçi ilə çalışacağınızı gözləyirdiniz?
- Hə, amma çempionatın sonunda. Ancaq “altılığ”ın startında, ilk 1/4 final oyunundan sonra məşqçi dəyişikliyini gözləmirdim. Nəinki mən, çoxları bunu ağlına gətirmirdi. Mənə elə gəlir ki, “Qarabağ”a məğlubiyyət həlledici oldu.

- Amma nəzərə alaq ki, tez-tez baş məşqçi dəyişikliyi nəticəyə mənfi təsir göstərir...
- Düzdür. Bu, yaxşı hal deyil. Ancaq biz buna öyrəşmişik.

- Adətən baş məşqçi dəyişikliyindən ən çox futbolçular əziyyət çəkirlər. Hər dəfə məşqçinin iş prinsiplərinə, taktikasına uyğunlaşmaq asan deyil...
- Əlbəttə. Hər biri müxtəlif taktikalara üstünlük verir. İnşallah, görək, Yunis Hüseynov hansı taktikaya üstünlük verəcək, necə oynayacaq...

- 2004-cü ildə yaradılan “Xəzər Lənkəran”ın heyətində ilk gündən qalan yeganə futbolçusunuz. Yalnız 2008/09 mövsümünün II dövrəsində kənarda qaldınız ki, həmin vaxt “Karvan”a icarəyə verilərək, Hüseynovun rəhbərliyi altında oynamısınız. Həmin dövrü necə xatırlayırsınız?
- Ora getməyində ən böyük təşəbbüskar Yunis müəllim olmuşdu. Düzdür, orada 1-2 ay oynadım. “Karvan”da maddi problem vardı, rəhbərlik elə də pul vermirdi. Yunis müəllimə görə oynadıq və sonra getdim. Onun rəhbərliyi altında oynamaq yaxşı idi. Azərbaycan komandalarında futbolu bilən insanlar olmalıdır. Yunis müəllim də onlardan biridir. Bilirsiniz, futbolçu ilə dil tapmaq lazımdır. Söhbət təkcə oyundan getmir. Bunu oyundan sonra da etməyi bacarmaq lazımdır.

- Hüseynov bunu bacarır?
- Bəli. Onda ən böyük üstünlük kimi futbolçularla dil tapmağıdır. Mən yalnız bunu deyərdim. Elə komanda var ki, futbolçular baş məşqçinin ətrafında birləşib, ona görə meydanda canını qoyurlar.

- Redniklə Biçər futbolçularla dil tapa bilmirdilər?
- Deyərdim ki, Rednik Azərbaycana gələn məşqçilər arasında ən yaxşılardan biri idi. Ancaq elə şeylər var ki, bunun nəticəsində Rednik özü özünün “torbasını tikdi”.

- Bəs Biçər?
- Biçər haqda nə deyim? “İnter”lə oyunda hesabda 2:1 irəlidə olasan, ancaq üstünlüyünü qoruya bilməyib, sonda uduzasan. Həmin oyundan sonra azarkeşlərimizin hərəkətini görsəydiniz, dəhşətə gələrdiniz, necə qışqırırdılar. Biçəri istefaya səsləyirdilər. Hələ “İnter”lə ikinci oyun olmayıb. Qapıçımız Kamal Bayramova, oynamırdım, ancaq mənə də iradlarını bildirirdilər. Deyirdilər ki, bu, nə komandadır, niyə oynamırsınız? Azarkeşə qələbə lazımdır. Onlara fərqi yoxdur, yaxşı və ya pis oynadın, 3 xal istəyirlər.

- Həm Hüseynov, həm də siz əslən Gəncə şəhərindənsiniz. Necə hesab edirsiniz, sizi yaxşı tanıyan baş məşqçi kimi daha çox meydana buraxacaqmı?
- Bu haqda fikirləşmirəm. Kimi oynatmaq baş məşqçidən asılıdır. Yaxşı olacaq, oynadacaq, olmasa yox.

Mehman SÜLEYMANOV