Samir Zərgərov: “Neftçi”ni məğlub edəcəyik
17.03.2012 - 00:07
Samir Zərgərov: “Neftçi”ni məğlub edəcəyik
“İnanıram ki, bu turdan sonra komandamız lider olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərov deyib.

Sabah Premyer Liqanın XXIV turunun oyunları keçiriləcək ki, mərkəzi matç “Şəfa”da baş tutacaq və “bankirlər” 1 xal geridə qaldıqları “Neftçi”ni qəbul edəcək.

Əsas mərhələdə baş tutan hər iki oyunda “İnter” minimal hesablı qələbəyə sevinib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 1:0, “Şəfa”dakı dueldə isə bank təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

Oyun öncəsi geniş danışmaq istəmədiyini deyən yarımmüdafiəçi komandasının qələbəsinə inanır: “Düzdür, 2 gün əvvəl gərgin oyun keçirdik. “Xəzər Lənkəran”la duel həm maraqlı, həm də ağır oldu. Hərçənd, qələbə qazansaq da, cütün taleyinə Lənkəranda aydınlıq gətiriləcək. “Neftçi”yə gəldikdə, udacağımızı düşünürəm. Cəmi bir xal fərqimiz var. Qələbə sayəsində bu fərqi qapatmaqla yanaşı, onları qabaqlayacağıq”.

Futbolçu hazırkı situasiyanın onlarda əlavə motivasiya yaratdığını deyib: “Liderliyə yüksəlmək şansımız var. Bu da oyuna motivasiyanı çoxaldır. Üstəlik, komanda qələbə qazandıqca, futbolçularda özünəinam artır. Lider olacağımıza ümid edirəm”.