“Ya çempion olmalıyıq, ya da kuboku qazanmalıyıq”
17.03.2012 - 00:04
“Ya çempion olmalıyıq, ya da kuboku qazanmalıyıq”
“Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- “İnter”lə vacib oyun öncəsi komandanızda vəziyyət necədir?
- “Qəbələ”yə gözlənilməz məğlubiyyəti nəzərə almasaq, işlər qaydasındadır. Qarşıda bizi “İnter” və “Xəzər Lənkəran”la prinsipial oyunlar gözləyir. Çempionluq yolunda bizim üçün çox vacib qarşılaşmalardır. Çalışacağıq ki, hər ikisində yaxşı nəticə qazanıb, ən yaxın izləyicilərimizlə xal fərqini bir qədər də artıraq.

- “Qəbələ”yə böyük hesablı məğlubiyyət gözlənilməz oldu. Komandada nə baş vermişdi?
- Həmin görüşdə motivasiya istənilən səviyyədə deyildi. İlk dəqiqələrdən oyuna yaxşı köklənə bilmədik. Nəticədə matçın əvvəlində qapımızdan 2 top buraxdıq. Ancaq fasilədən sonra topa nəzarət edən tərəf biz idik. Hesab arasındakı fərqi azaltdıqdan sonra heç-heçə edəcəyimizə ümidimiz daha da artdı. Ani bir səhv qapımıza vurulan qolla nəticələndi. 3-cü qoldan sonra komanda çox “sındı”. Nəticədə böyük hesabla məğlub olduq. Artıq bunu unutmaq lazımdır.

- Hansı komandaları “Neftçi” üçün çempionluğa gedən yolda əsas rəqib sayırsınız?
- İlk “altılıq”da mübarizə aparan bütün komandaları. Kubokda da növbəti mərhələdə “İnter” və ya “Xəzər Lənkəran” rəqibimiz olacaq. Hansı ki, həmin klublar çempionluq yolunda da amansız mübarizə aparırlar. Çempionata gəlincə, final mərhələsinin ilk oyununda gözlənilmədən “Qəbələ”yə uduzduq. Qalan bütün görüşlər bizim üçün final havasında keçəcək. Ən az səhv edən komanda qızıl medallara yiyələnəcək.

- “İnter”lə son 2 mövsüm keçirdiyiniz oyunlardan yalnız birində qələbə qazanmısınız. Deyəsən, onlara qarşı sindromun yaranıb.
- Ötən mövsümdən bəri “İnter”ə qarşı sindromumuz var. Cəmi 1 oyunda qələbə qazanmışıq. Bu il isə hər iki qarşılaşmada məğlub olmuşuq. Artıq buna son qoymağın vaxtıdır. İnanıram ki, bu dəfə onlara əsl gücümüzü göstərəcəyik.

- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdən sərfəli nəticə ilə döndünüz. Əsas heyətin bir neçə üzvü olmasa da, “Kəpəz”i yendiniz. Yarımfinalçının birinin müəyyənləşdiyini demək olarmı?
- “Kəpəz”lə oyun çətin keçsə də, yekunda qələbə qazanmağı bacardıq. Xüsusilə, meydançanın vəziyyətinin bir qədər ağır olması işimizi xeyli çətinləşdirdi. Cavab qarşılaşması üçün sərfəli nəticə əldə etdik. Ancaq arxayınlaşmaq olmaz. İkinci görüşdə də qələbə qazanıb, yarımfinala çıxmaq istəyirik.

- “Neftçi” üçün hansı cəbhədə vuruşmaq daha vacibdir?
- Ötən mövsüm “qızıl dubl” etmək istəyirdik. Ancaq çempion olsaq da, kuboku götürə bilmədik. Bu il də məqsədimiz, hədəfimiz dəyişməyib. Hər iki cəbhədə uğur qazanmaq niyyətindəyik. Bunu reallaşdıra biləcək heyətimiz var. Ancaq bu da olmasa, ya çempion olmalıyıq, ya da kuboku qazanmalıyıq.