AZAL-ın söz-söhbətə səbəb olan oyunu
17.03.2012 - 00:33
AZAL-ın söz-söhbətə səbəb olan oyunu
Avrokuboklara vəsiqə qazanmaq üçün yeganə ümid yeri ölkə kuboku olan AZAL 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Bakı”ya 1:3 hesabı ilə uduzmaqla işini xeyli çətinə saldı. “Təyyarəçilər”in kapitanı Aqil Nəbiyev məğlub olmalarına baxmayaraq ümidini itirmir.

O, apasport.az saytına açıqlamasında cavab qarşılaşmasında sonacan mübarizə aparacaqlarını və yarımfinala vəsiqə qazanmaq istədiklərini bildirdi: “İlk oyunda 1:3 hesabı ilə uduzmağımıza baxmayaraq, az da olsa şansımız davam edir. Ümidlər sonda ölür. Cavab qarşılaşmasında daha sərfəli növbəti mərhələyə vəsiqə qazana biləcək nəticə əldə etmək istəyirik. Əslində, pis oyun nümayiş etdirmədik. Öz səhvlərimizdən məğlub olduq. Bizim də qol vurmaq imkanlarımız oldu, ancaq istifadə edə bilmədik”.

Kapitan komandasının “Turan”la oyuna ehtiyat oyunçularla çıxmasına da münasibət bildirərək bunun əsas səbəbini kubok oyununa görə olduğunu dedi: “Komandamızda zədəli futbolçularımız çoxdur. İkinci “altılıq”da mübarizə apardığımızdan bütün diqqəti ölkə kubokuna yönəltmişik. “Turan”la oyunda da əsas heyətin bir neçə oyunçusunun iştirak etməməsi bununla əlaqəlidir. Ancaq komandamızın bu addımı müəyyən söz-söhbətlərə səbəb oldu. Bizim qarşıda vacib kubok oyunu olduğu halda nəyə görə əsas heyətin üzvlərini oynadıb riskə ataq? İkinci “altılıq”a o qədər də maraq yoxdur. Biz də elitadakı yerimizi təmin etdiyimizdən ehtiyatda qalan futbolçularla mübarizə apardıq. Ancaq dediyim kimi, bunun əsas səbəbi kubok oyununa görə idi. Çox güman ki, qarşıdakı oyunlarda yenə əsas heyətin üzvləri oynayacaq”.