“Həmin zərbəni dünyanın ən güclü qapıçısı da çıxara bilməzdi”
19.03.2012 - 13:06
“Həmin zərbəni dünyanın ən güclü qapıçısı da çıxara bilməzdi”
“İnter”in gürcüstanlı futbolçusu Baçana Sxadadzenin apasport.az saytına müsahibəsi

- “Neftçi” ilə oyunda qalib gəlib, liderliyə yüksəlmək imkanına malik idiniz. Ancaq bundan istifadə edə bilməyərək, 1:2 hesabı ilə uduzdunuz. Bunun səbəbini nədə görürsünüz?
- Bizim qələbə istəyimiz böyük idi. Ancaq buraxdığımız uğursuz qollar matçın taleyini həll etdi. Biz bir dəfə hesabı bərabərləşdirsək də, qapımızdan buraxdığımız 2-ci topun əvəzini çıxa bilmədik. Hesab edirəm ki, oyunumuzla heç olmasa 1 xala layiq idik. Ancaq belə alındı.

- Elə qollar buraxmağınızı ilə izah edərdiniz?
- Yəqin ki, konsentrasiyanı itirməklə. İlk qolda ani diqqətsizlik oldu və rəqib futbolçu dabanı ilə topu qapıdan keçirdi. İkinci qol isə yüksək ustalığın nəticəsi idi. Rəqibin cərimə zərbəsindən vurduğu qol gözəl alındı.

- Zərbəyə komandanızın qapıçı Georgi Lomaya reaksiya verə bilmədi...
- Məncə, bu zərbəni dünyanın ən güclü qapıçısı da qaytara bilməzdi. Çünki zərbə elə ustalıqla yerinə yetirilmişdi ki, qapıçı üçün də əlçatmaz oldu.

- Yəni, Lomayanı günahlandırmaq düzgün olmazdı?
- Əlbəttə. Lomaya yüksək səviyyəli qapıçıdır. O, “Neftçi” ilə oyunda da ustalığını göstərdi. Flavinyonun zərbəsinə gözəl reaksiya göstərdi.

- Öz oyununuza necə qiymət verə bilərsiniz?
- Bu haqda heç nə deyə bilmərəm. Komandamız uduzdu, mən bir hücumçu kimi qol vura bilmədim.

- “Neftçi”yə bunadək hər 2 oyunda qol vura bilmişdiniz. Bu dəfə fərqlənə bilməməyinizi nə ilə izah edərdiniz?
- Bu dəfə də qol vurmaq imkanım oldu. Ancaq təəssüf ki, bunlardan istifadə edə bilmədim.

- “Neftçi” ilə oyuna özünüzü necə kökləmişdiniz? Yəqin ki, qol vurmaq motivasiyanız böyük idi...
- Mənim komandaya kömək etmək motivasiyam böyük idi. Çalışacağam ki, növbəti oyunlarda bu uğursuzluğu unudaq və yenə qol vurum. Ruhdan düşməyib, qalan matçla konsentrasiya olmalıyıq.

- “Neftçi”dən 4 xal geri düşdünüz. Çempionluq şanslarınızı yenə real sayırsınız?
- 4 xal böyük fərq deyil. Fikrimcə, hər şey irəlidədir. “Neftçi” ilə əvvəl də xal fərqimiz olub. Yenə fərqi azalda bilərik. Qarşıda hələ 8 tur var. Həmin matçda “Neftçi”yə də çətin olacaq. Xal itkiləri mümkündür. Yaşayarıq, görərik.

- Bir şeyi də nəzərə alaq ki, “Xəzər Lənkəran” bu gün evdə “Bakı”ya qalib gələrsə, sizinlə xal fərqi minimuma endirəcək. Bu zaman 2-ci yerdə qalmağınız da çətinləşəcək...
- Buna baxarıq. Qoy “Xəzər Lənkəran” əvvəl qalib gəlsin, sonra danışarıq.


- Növbəti turda sizi Qəbələyə çətin səfər gözləyir. Çünki “Qəbələ” evdə daha inamlı təsir bağışlayır, “Xəzər Lənkəran” və “Neftçi”yə qalib gəlib. Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün qalib gəlməlisiniz. Bunu nail ola bilərsiniz?
- Düşünürəm ki, indi bütün oyunlar çətin olacaq. Ona görə də qalib gəlib, xallarını artırmaq lazımdır. Hər matça köklənmək lazımdır ki, turnir cədvəlində vəziyyətini sabitləşdirəsən. Hər oyunda qələbə qazanmağa çalışmaq lazımdır. Bunun necə alınacağı isə ustalıq səviyyəsidir.

Mehman SÜLEYMANOV