Samir Abasovdan sərt ittihamlar
20.03.2012 - 15:10
Samir Abasovdan sərt ittihamlar
Azərbaycan yığmasının sabiq futbolçusu, “Sumqayıt” klubunun kapitanı Samir Abasovun apasport.az saytına müsahibəsi

- “Kəpəz”lə oyunda artıq 24-cü dəqiqədə qapınızdan 3 cavabsız top buraxmışdınız. Nə baş vermişdi?
- Gəncəyə əla əhval-ruhiyyədə yollanmışdıq. Çünki “Kəpəz” uda biləcəyimiz komanda idi. Matçın gedişində isə tam fərqli mənzərə ilə qarşılaşdıq. Müdafiəçilərin ağlı harada idi, bilmirəm. Belə də uşaq səhvləri etmək olarmı?

- Bütün hallarda, məğlubiyyət komandanın passivinə yazılır...
- Düzdür, bütün komanda uduzur. Ancaq 15 dəqiqə ərzində 3 top buraxmaq... Nə bilim, biz “Neftçi” və ya “Qarabağ” deyilik ki, aradakı fərqi əridək. Buna gücümüz çatmırsa, niyə bu qədər kobud səhvlər edirik?

- Mövsümün əvvəlində futbolçuların təcrübəsizliyini qabardırdınız. Artıq 8 aydır bir yerdə oynayırsınız, amma yenə ortada nəticə yoxdur. Bunu nə ilə izah etmək olar?
- Əvvəla qeyd edim ki, 7-8 aya təcrübə toplamaq olmur. Üstəlik, belə oyunlara qlobal yanaşmaq lazımdır. “Kəpəz” elə də güclü komanda deyil. Sumqayıtda udduğumuz komandadır da. Ancaq onlarda əzmkarlıq var idi. Hər qarış uğrunda mübarizə aparırdılar. Bilirsiniz, gərək hər şey adamın daxilindən gəlsin.

- Komanda yoldaşlarınızın istəkli olub-olmamaqlarını nəzərdə tutursunuz?
- Əlbəttə. İnsanda qələbə istəyi yoxdursa, uğur qazanmaq mümkün deyil. Bugünkü gənclər sabah “Sumqayıt”dan başqa komandaya gedəndə də belə olacaq. Bundan da betər olacaqlar. Adam danışır, özü hirslənir. “Kəpəz” məğlubiyyətdə bütün günah futbolçularındır. Başqa səbəb axtarmaq lazım deyil.

- Gəncədəki məğlubiyyətdən sonra turnir cədvəlində sonuncu pilləyə yuvarlandınız. Bu gedişlə Premyer Liqa ilə vidalaşacaqsınız...
- “Sumqayıt” uçuruma gedir. Bəli, bu gedişlə Premyer Liqa ilə vidalaşacağıq. Qarşıda 8 tur var və hardasa ümid etmək olar. Ancaq bu oyunla inandırıcı görünmür. Heyətimizin demək olar hamısı millinin oyunçularıdır. Nəticə isə ortadadır. Bu da millinin oyunçuları?

- Yeri gəlmişkən, ilk dəfədir autsayder komandada çıxış edirsiniz.
- Düzdür. İstəyirsən ki, bir qədər dincələsən, ancaq gənclərdən daha çox qaçmalı olursan. Bu cür istəksiz olduqları halda, onları milliyə niyə dəvət edirlər? “Kəpəz”ə, “Rəvan”a uduzan futbolçuların yığmada nə işi var? Sabah millinin heyətində Avropa miqyaslı oyunlarda nə edəcəklər? Bax, bunu fikirləşmək lazımdır.