“Uşaqlara demişdim ki, məni Gəncədə utandırmayın”
19.03.2012 - 15:07
“Uşaqlara demişdim ki, məni Gəncədə utandırmayın”
“Gəncədə çox zəif çıxış etdik. Yenə bərbad oynadıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Mahmud Qurbanov deyib.

39 yaşlı yarımmüdafiəçinin ötən yaydan şərəfini qoruduğu “Sumqayıt” bu il daha da uğursuz çıxış edir. Belə ki, debütant 2012-də keçirdiyi 6 oyunun hamısında uduzub. Komanda növbəti hesablı məğlubiyyətini “Kəpəz”lə səfər oyununda 1:4 hesabı ilə aldı: “Belə məğlubiyyət çox pis oynamağımızın nəticəsidir. Uşaq səhvləri edirik, heç nədən qollar buraxdıq. Rəqib demək olar 4 hücum etdi, hamısı da qol oldu. Görünür, bacarığımız budur. Bundan yuxarı tullana bilmirik”.

Mahmudun əslən Gəncədən olduğundan, məğlubiyyətdən daha çox təsirləndiyini başa düşmək olar. Təcrübəli futbolçu nəticədən, oyundan qəzəbləndiyini gizlətməyib: “Hələ oyundan qabaq futbolçularımıza demişdim ki, Gəncədə anadan olmuşam, bu şəhərdə futbolun sirlərini öyrənmişəm, 8-9 il “Kəpəz”də oynamışam. Yəni Gəncədə böyük hörmətim var və demişdim ki, məni heç olmasa burada utandırmayın. Son 2 mövsümdə elə alınmışdı ki, komandalarımla Gəncədə meydana çıxmamışdım. Artıq futbolçu karyeramı üzrəyəm və sonuncu dəfə Gəncə şəhər stadionunda oynamaq istəyirdim. Fərqi yoxdur, rəqib komandada, sadəcə, istəyim mənə doğma olan bu arenada yenidən meydana çıxmaq idi. Ancaq 90 dəqiqə oynayıb, sonda belə uduzmaq mənim üçün çox acınacaqlı oldu. Hələ də özümə gəlməmişəm, danışmağa söz tapmıram”.

Mehman SÜLEYMANOV