Mahmud Qurbanov: Meşə çaqqalsız olmaz
20.03.2012 - 00:02
Mahmud Qurbanov: Meşə çaqqalsız olmaz
“Sumqayıt” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Bu il keçirdiyiniz bütün oyunlarda uduzmusunuz. Son məğlubiyyətiniz “Kəpəz”ə səfərdə 1:4 hesabı ilə oldu...
- Gəncədə çox zəif çıxış etdik. Yenə bərbad oynadıq. Belə məğlubiyyət çox pis oynamağımızın nəticəsidir. Uşaq səhvləri edirik, heç nədən qollar buraxdıq. Rəqib demək olar 4 hücum etdi, hamısı da qol oldu.

- Belə oynamağınızın səbəbini nədir?
- Görünür, bacarığımız budur.

- Siz ölkənin ən titullu futbolçusunuz, daim qələbə qazanmağa öyrəşmisiniz. İndi belə məğlubiyyətləri, komandanızın turnir cədvəlinin son pilləsində getməsini necə qəbul edirsiniz?
- Bilmirəm, ardıcıl məğlubiyyətlər futbolçularımıza necə təsir edir, onlar buna öyrəşib, ya yox. Ancaq mən məğlubiyyəti qəbul edə bilmirəm. Ona görə də çox hirsliyəm. Gənc futbolçuların nə fikirləşdiklərini bilmirəm. Onlarla söhbətim olub və demişəm ki, mən pis-yaxşı oynamışam, ad qazanmışam, futbolçu karyeramı bitirmək üzrəyəm. Bəs siz nə düşünürsünüz?

- Sözlərinizdən belə çıxır ki, bu mövsümdən sonra karyeranızı bitirəcəyiniz dəqiqdir...
- Ümumiyyətlə, deyirəm. Bununla belə, karyeramı bitirməyi düşünürəm.

- Ötən yay “Sumqayıt”a keçəndə, yeni komandanızın zəif olacağı gözlənilirdi. İndi bu qərarınıza görə peşmançılıq çəkirsiniz?
- İstəmirəm ki, dediklərim şablon çıxsın, ancaq heç vaxt atdığım addımlara görə peşmançılıq çəkmirəm. Həmişə 1-ci yer uğrunda oynamışam. Hətta komandalarım 2-ci, 3-cü yeri tutanda, bunu uğursuzluq kimi saymışıq. Hansı komandaya keçdiyimi göz qabağına gətirmişdim, hara gəldiyimi yaxşı bilirdim. Fikirləşirdim ki, onsuz da karyeramın sonudur, təcrübəmizi gənclərlə bölüşərik, onlara dəstək olarıq.

- Ancaq artıq son pilləyə düşmüsünüz və belə gedişlə komandanız I divizionda oynayacaq.
- Belə oynasaq, dediyiniz kimi də olacaq. “Kəpəz”ə 1:4 məğlubiyyət böyük hesabdır.

- Özü də nəzərə alaq ki, ilk yox, ikinci “altılıq”da oynayan komandalara uduzmusunuz...
- Elədir. “Kəpəz” oynanılası, xal alınası komanda idi. Ancaq 3-4 qol epizodları oldu, hamısında da qapımızda top gördük. Görünür, komandamızın səviyyəsi belə rəqiblə səfər matçında xal qazanmağa çatmır.

- Şəxsən sizə məğlubiyyət həm də ona görə pis təsir etməlidir ki, doğma Gəncədə belə uduzdunuz...
- Hələ oyundan qabaq futbolçularımıza demişdim ki, mən Gəncədə anadan olmuşam, bu şəhərdə futbolun sirlərini öyrənmişəm, 8-9 il “Kəpəz”də oynamışam. Yəni Gəncədə böyük hörmətim var və məni heç olmasa, burada utandırmayın. Son 2 mövsümdə elə alınmışdı ki, komandalarımla Gəncəyə gələndə, burada meydana çıxmamışdım. Artıq futbolçu karyeramı bitirmək üzrəyəm və sonuncu dəfə Gəncə şəhər stadionunda oynamaq istəyirdim. Fərqi yoxdur, rəqib komandada, sadəcə, istəyim mənə doğma olan bu arenada yenidən meydana çıxmaq idi. Ancaq 90 dəqiqə oynayıb, sonda belə uduzmaq mənim üçün çox acınacaqlı oldu. Hələ də özümə gəlməmişəm, danışmağa söz tapmıram.

- “Kəpəz”lə oyunda yerli azarkeşlərlə aranızda insident olduğu haqda xəbər yayıldı. Bu haqda nə deyə bilərsiniz?
- Allah haqqı belə şey olmayıb. Hər halda, səmimiliyə inanarsınız. Deyilənlər boş söhbətdir. Məni hələ məşqdə, oyunda azarkeşlər salamladılar, xoş sözlərini dedilər. Ancaq yazıblar ki, guya ayağım topa dəyəndə, azarkeşlər məni fitə basırdılar. Düzdür, meşə çaqqalsız olmaz. Ola bilər ki, kimsə mənə qarşı nəsə hərəkət edib, ancaq mən bunu görməmişəm. Görsəydim, cavabını verərdim.

Mehman SÜLEYMANOV