“Real”a ardıcıl 2-ci zərbə “Barselona”nın “üzünü güldürdü”
22.03.2012 - 11:32
“Real”a ardıcıl 2-ci zərbə “Barselona”nın “üzünü güldürdü”
İspaniyada çempionluq uğrunda mübarizə yenidən gərginləşib. Apasport.az saytının məlumatına görə, bu, “Real”ın ardıcıl 2-ci oyunda xal itirməsindən sonra yaranıb. Madridlilər evdə “Malaqa”nın ardınca səfərdə autsayderlərdən olan “Vilyarreal”la 1:1 hesablı bərabərliyə qalıb. Kriştianu Ronaldonun 62-ci dəqiqədə oyunda hesabı açmasından sonra çoxları “Real”ın növbəti qələbəsini qazanacağını gözləyirdi. Ancaq meydan sahiblərinin kapitanı Markus Senna 82-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla matça son nəticəni müəyyənləşdirib. Bu azmış ki, 85-ci dəqiqədə “Real”ın birdən-birə 2 futbolçusu – müdafiəçi Serxio Ramosla yarımmüdafiəçi Məsut Özil qırmızı vərəqə alaraq, meydandan çıxarılıb. Qalan müddətdə 9 nəfərlə qalan “Real” hesabı qoruyaraq, səfərdən 1 xal aparıb.

Madrid klubunun son 4 xal itkisi ilə ən yaxın izləyicisi olan əzəli rəqibi “Barselona” ilə arasında xal fərqi 6-ya enib. Halbuki bunadək demək olar hamı “Real”ın çempion olacağını düşünürdü. Ancaq indi vəziyyət xeyli dəyişib. Əvvəla, prinsipial rəqiblər arasında oyun qalıb və özü də bu, “Barsa”nın meydanında olacaq. Meydan sahiblərinin həmin oyunda qələbəsinin real olduğunu və İspaniyada çempionatın qurtarmağına hələ 10 tur qaldığını nəzərə alsaq, qızıl medallar uğrunda mübarizənin maraqlı olacağı gözlənilir.

Qeyd edək ki, “Vilyarreal” 2-ci dövrədə “Barsa” ilə ev oyununda da heç-heçə (0:0) edərək, ondan 2 xal almışdı.