”Böyük oyun”ların 100-cü iştirakçısı
23.03.2012 - 13:50
”Böyük oyun”ların 100-cü iştirakçısı
Martın 24-də Premyer Liqanın XXV turunda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” 24-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq. Apasport.az saytının məlumatına görə, bu dəfəki görüş Lənkəran təmsilçisinin baş məşqçisi Yunis Hüseynovun bu prinsipial duellərdəki debütü ilə əlamətdar olacaq. O, “Xəzər Lənkəran”ı “Böyük oyun”a çıxaracaq 7-ci baş məşqçi kimi tarixə düşəcək. Ona qədər 23 görüşdə komandaya 6 çalışdırıcı rəhbərlik edib. Hüseynovun sələflərindən ən uğurlusu Mirça Rednik, ən uğursuzu isə İqor Ponomaryovla baş məşqçi əvəzi kimi “Böyük oyun”a qatılan Şenol Fidan olub.

“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı baş məşqçiləri
Mirça Rednik 8 3 4 1 9-11 13
Ağasəlim Mircavadov 8 2 4 2 3-3 10
Rasim Kara 4 1 1 2 5-5 4
Viktor Pasulko 1 0 1 0 2-2 1
İqor Ponomaryov 1 0 0 1 1-2 0
Şenol Fidan 1 0 0 1 0-1 0
Cəmi 23 6 10 7 20-24 28

Hüseynov həm də “Xəzər Lənkəran”ın “Böyük oyun”larda yubiley – 100-cü nümayəndəsi olacaq. Belə ki, ona qədər 6 baş məşqçi ilə yanaşı 93 futbolçu “Xəzər Lənkəran” formasında “Böyük oyun”a çıxıb. Baş məşqçi ilə yanaşı ilk dəfə bu prinsipial derbinin həyəcanını yaşayacaq futbolçular bu “99”luğun artmasında pay sahibi olacaq.

Əvvəlki 23 “Böyük oyun”un iştirakçısı olan 93 “Xəzər Lənkəran”lı ilə bağlı maraqlı faktlar da diqqət çəkir.

* Alim Qurbanov 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. O, 8 mövsümdür ki, “Böyük oyun”da iştirak edir. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 17 dəfə “Neftçi”yə qarşı oynayıb. Kamran Ağayev – 13, Alim Qurbanov – 12, indi əks düşərgədə olan Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.
* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1190, Ağayev isə 1170 dəqiqə ərzində bu həyəcanı yaşayıb.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 20 qola 15 futbolçu imza atıb. 1 dəfə “Neftçi”nin üzvü Ruslan Abışov öz qapısına qol vurub.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay 3, Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib.
* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 39 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 57 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* Cənublular “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan kənarlaşdırılıb. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.

Mənbə: lankaranfc.com