Roşa yenə qovuldu
23.03.2012 - 15:52
Roşa yenə qovuldu
Bir müddət əvvəl Ağdamın “Qarabağ” klubundan qovulan braziliyalı futbolçu Leonardo Roşa yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, istedadına baxmayaraq intizamsızlığı ilə bütün Azərbaycanda tanınan cənubi amerikalı bu dəfə vətənində fərqlənib. Ağdam təmsilçisindən sonra Braziliyanın “Treze” klubuna keçən Roşa bu komandada cəmi 48 dəqiqə duruş gətirib.

Belə ki, o, yeni komandasındakı debüt matçından sonra çıxardığı hoqqa üzündən klubdan qovulub. Roşa adlı-sanlı “Botofoqo” ilə Braziliya kubokunun I mərhələsinin cavab oyununun 72-ci dəqiqəsində meydana çıxıb. İlk matç kimi bu görüşdə 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt və penaltilər seriyasına ehtiyac duyulub. “Treze”nin 2:3 hesabı ilə uduzduğu qarşılaşmada son zərbəni qaçıran məhz Roşa olub.

Məğlubiyyətin səbəbkarı olan “qəhrəman” soyunub-geyinmə otağında ona irad bildirən klub rəhbərliyi ilə dava-dalaşa çıxıb. Bu üzdən də klubdan qovulan Leonardo komandası ilə birgə Paraiba şəhərinə geri qayıtmayaraq Rio-de-Janeyrodaki evində qalıb.

Qeyd edək ki, Roşa Azərbaycanda “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”da oynasa da hamısından qovulub.