“Neftçi” və “Qarabağ” yubiley oyunlarına çıxır
24.03.2012 - 05:50
“Neftçi” və “Qarabağ” yubiley oyunlarına çıxır
Premyer Liqanın XXV turu “Neftçi” və “Qarabağ” üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının xəbərinə görə, ölkə birinciliklərinin hamısının iştirakçısı olan 3 komandadan ikisi özləri üçün yubiley matçına çıxacaq.
İndiyədək Premyer Liqada hamıdan çox – 549 matç keçirən “Neftçi” və “Qarabağ” 550-ci çempionat matçında qüvvəsini sınayacaq.

Hər 2 komanda yubiley oyununda prinsipial qarşılaşmaya çıxır. “Neftçi” “Xəzər Lənkəran”la “Böyük oyun”da, “Qarabağ” isə “Bakı” ilə çətin səfər oyununda yubiley qeyd edəcək.

Maraqlıdır ki, hər 2 komanda indiyədək hesabında olan 59 qarşılaşmadan 21-də texniki nəticə ilə kifayətlənib. Komandaların nəticələrinə gəlincə isə “Neftçi” “Qarabağ”dan daha uğurlu çıxış edib. Bakılılar 335, ağdamlılar 290 qələbə qazanıb. “Neftçi” 121, “Qarabağ” 127 heç-heçə edib. Paytaxt təmsilçisi cəmi 93 dəfə uduzubsa əyalət klubu 132 dəfə xalsız qalıb.