1574 gün sonra qələbə, yaxud Deon Barton yenə xilaskar rolunda
25.03.2012 - 11:04
1574 gün sonra qələbə, yaxud Deon Barton yenə xilaskar rolunda
“Qəbələ”nin yamaykalı futbolçusu Deon Barton 5 illik sindroma son qoydu. Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçunun Premyer Liqanın hesabat turunda martın 24-də “İnter”lə oyunda vurduğu qələbə topu qəbələlilərin rəqibi üzərində 2007-ci ildən sonra qalibiyyətini reallaşdırdı. “Qəbələ” “bankirlər” üzərində yeganə qələbəsini həmin ilin dekabrın 2-də qazanıb.

Maraqlıdır ki, onda da oyun Qəbələdə keçirilmiş, hesab 2:1 olmuş, “İnter”in futbolçusu Nizami Hacıyevin vurduğu qol qonaqları məğlubiyyətdən xilas etməmişdi. Komanda “Qəbələ” adı ilə “İnter”lə ilk oyunda onu məğlub edəndən sonra 1574 gündür bunu bacarmırdı. Bu, komandalar arasında yubiley – 15-ci oyunda reallaşdı ki, bununla da son 3 matçda heç-heçə seriyası da bitdi.

2-ci ildir şərəfini qoruduğu “Qəbələ”nin tarixində bombardir legioner olan Barton elə bu il eyni ssenarini həyata keçirməyi diqqət çəkir. Məsələ ondadır ki, hücumçu “Xəzər Lənkəran”a fevralın 21-də Qəbələdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda 2-ci hissədə meydana çıxaraq, vurduğu qolla qələbə topunun müəllifi olmuşdu. Deon bu dəfə də sonradan meydana çıxaraq, buna imza atdı və türkiyəli baş məşqçi Fatih Kavlakın uğurlu əvəzetməsi olduğunu sübut etdi.

Mehman SÜLEYMANOV