“Bakı”dan “Qarabağ”a və əksinə 328 günlük yol
25.03.2012 - 11:58
“Bakı”dan “Qarabağ”a və əksinə 328 günlük yol
“Qarabağ”ın futbolçusu Vaqif Cavadov karyerasında növbəti qolu vurmaq üçün 328 gün gözləməli oldu. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu bu il ilk qolunu martın 24-də “Bakı”ya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqa oyununda vurdu. 46-cı dəqiqədə meydana daxil olan Vaqif 1 dəqiqə sonra rəqib qapısına yol tapdı və bu, oyunda qələbə topu oldu.

Maraqlıdır ki, Cavadov bunadək sonuncu qolunu da məhz bu komandaların oyununda vurmuşdu. Söhbət ötən çempionatın mayın 1-də 2:2 hesabı ilə nəticələnən “Qarabağ” – “Bakı” oyunundan gedir. Fərq ondadır ki, Vaqif Tofiq İsmayılov adına Bakıxanov qəsəbə stadionunda “Bakı”nın futbolçusu idi və 25-ci dəqiqədə “Qarabağ”a qol vurmuşdu. Özü də onda da hücumçu qonaq komandanı hesabda 2:0 irəli çıxarmışdı. Bu dəfə meydan sahibləri Cavadovun qoluna cavab versə də, tarazlığı bərpa edə bilmədi. Halbuki “Bakı”nın ispan hücumçusu Koke 78-ci dəqiqədə hesabı 2:2 etməyə yaxın olsa da, penalti zərbəsini dəqiq vurmağı bacarmadı.

Həmin mövsümün sonunda “Bakı” ilə 1 illik icarə müqaviləsi bitən Vaqif “Tvente”yə qayıtdı və onunla anlaşmasını pozaraq, “Volqa”ya keçdi. Ancaq həmyerlimiz Rusiya Premyer Liqası təmsilçisində keçirdiyi 6 ayda qol hesabını aşa bilmədi, yalnız Moskva “Spartak”ı ilə “Lujniki” stadionunda kubok oyununda penaltidən fərqlənməklə, komandasının növbəti mərhələyə çıxmağında pay sahibi oldu. Ötən qışda “Volqa”dan ayrılan Vaqif 2 il sonra “Qarabağ”a qayıtdı və ölkəmizdə ilk klubunda fərqləndi.

Qeyd edək ki, Cavadov milli komandamızın ötən ilin oktyabrında Avstriya yığması ilə Bakıda 1:4 hesabı ilə uduzduğu rəsmi oyundan sonra düşərgəni tərk etdiyinə görə AFFA-nın İntizam Komitəsi tərəfindən kəsilən 5 oyunluq cəzası bitəndən sonra bu ay yaşıl meydana qayıtdı.

Mehman SÜLEYMANOV