Millimiz məğlubiyyətdən qaça bilmədi
27.03.2012 - 21:35
Millimiz məğlubiyyətdən qaça bilmədi
Bu gün futzal üzrə Azərbaycan yığması dünya çempionatının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, komandamız “Sərhədçi” Olimpiya Mərkəzində sonuncu Avropa çempionatının gümüş medalçısı Rusiya yığması ilə qarşılaşıb.

Qarşılaşmaya ciddi itkilərlə çıxan millimiz meydanı məğlub tərk edib. Fasiləyə 0:1 hesablı məğlubiyyətlə yollanan komandamız fasilədən sonra daha iki dəfə cəzalandırılıb. Buna baxmayaraq, son dəqiqələrdə toparlanan yığmamız hesab arasındakı fərqi azalda bilib. Əvvəlcə Kaka, ardınca isə Hacıyev fərqlənib – 2:3

Beləliklə, aprelin 9-da Tümendə baş tutacaq cavab oyununa komandamız məğlub hesabla yollanacaq.

AZƏRBAYCAN – RUSİYA - 2:3
QOLLAR: Kaka, 37; İlkin Hacıyev, 39 - İvan Milovanov, 13; Sergey Serqeyev,24; 30
Hakimlər: Borut Şiviç və Dejan Nikoliç (hər ikisi Sloveniya)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi
Azərbaycan: Marat Salyanski, Vitali Borisov, Jadder Dantas, Rəcəb Fərəczadə, Felipe Ribeiro dos Santos, Namiq Məmmədkərimov, Kaka, İlkin Hacıyev, Seymur Məmmədov, Serjao, Elnur Zamanov, Elnur Qəmbərov, Zeynal Zeynalov
Rusiya: Qustavo, Leonid Klimovski, Sergey Abramov, Aleksandr Fukin, Vladislav Şayaxmetov, Nikolay Pereverzev, İldar Nuqumanov, İvan Milovanov, Sergey Serqeyev, Konstantin Mayevski, Roman Anosov, Vladimir Çurlyayev, Nikolay Plaxov

Komandalar artıq meydana çıxıb.
Hər iki ölkənin dövlət himni səslənir.

Oyuna rəqib başlayır.
Mayevskinin zərbəsi təhlükəli alındı.
Millimiz hesabı açmağa yaxın olur. Felipenin zərbəsi qapıdan aralı keçdi.
Felipenin daha bir zərbəsi təhlükəli alındı.
Yığmamız hücum qurmaqda çətinlik çəkir.
Plaxovun zərbəsi qeyri-dəqiq oldu.
Ruslar futzalçımıza qarşı kobud oynadı.
Rəqib pressinq edir, millimiz isə hücum qura bilmir.
Ruslar hesabı açmağa yaxın olur. Kaka boş qapıya gedən topu meydandan çıxarır.
Bu dəfə Zamanov komandamızı qoldan xilas edir.
13-cü dəqiqədə hesab açılır. İvan Milovanov topu dabanı ilə qapıdan keçirir.
Yığmamız əla hücum təşkil edir. Son anda Jadder qapıya dəqiq zərbə vura bilmir.
Zeynalovun ayağına çarpan top az qala qapımızdan keçəcəkdi.
Serjionun başla zərbəsi qapının üstündən keçdi.
Millimiz bərabərlik topunu vurmağa yaxın olur. Amma Borisov yaxın məsafədən dəqiq zərbə vura bilmir.

Komandalar fasiləyə çıxır.

İkinci hissə başladı.
Vitali yenə yaxşı imkan qazanır. Amma Qustavo əla oynayır.
Millimiz təhlükəli nöqtədən cərimə zərbəsi vurur.
Jadderin zərbəsindən sonra top yandan qapı toruna dəyir.
Hesab dəyişir. Sergeyev komandasının üstünlüyünü artırır - 0:2.

Millimiz daha bir top buraxır. Sergeyev dubl edir.
Serjaonun fərqlənməsi üçün əlverişli imkan yaranır. Braziliyalının zərbəsi qapıdan aralı keçir.
Millimizin baş məşqçisi taym-aut götürür.
Baş məşqçimiz riskə gedərək, say üstünlüyü qazanmaq məqsədilə meydana qapıçının əvəzinə oyunçu daxil edir.
Serjaonun yaxın məsafədən qüvvətli zərbəsini Qustavo meydandan çıxarır.
Millimiz fərqi azaldır. Kaka fərqlənir.
Komandamız ardıcıl iki dəfə hesab arasındakı fərqi azalda bilərdi. Amma əvvəlcə Hacıyev, ardınca Jadder şansını boşa verir.
Hacıyev axır ki fərqlənir - 2:3

Oyun başa çatdı.