Biri məlum, üçü naməlum
27.03.2012 - 11:22
Biri məlum, üçü naməlum
Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinalçılardan ikisi paytaxtda, digər ikisi isə əyalətdə bəlli olacaq.

Əslində, qaliblərdən biri böyük ölçüdə bəllidir. Belə ki, “Neftçi”nin “Kəpəz”i səfərdə 2:1 hesabı ilə yenəndən sonra mərhələ adlamaq şansı çoxdur. İlk “altılıq”dan kənarda qalan gəncəlilərin Avropaya çıxmaq üçün son şansı ölkə kubokudur və finala doğru növbəti addım atmaq üçün Bakıda çətin vəzifənin öhdəsindən, 2:0 hesabı ilə qalib gəlməlidir.

Paytaxtda baş tutacaq digər oyunda isə Bakı derbisi olacaq. AZAL-la “Bakı”nın avrokuboklara əsas ümidi məhz bu turnirlə bağlıdır. Komandalar turnir cədvəlində qonşu – 6-7-ci yerlərdə olsa da, final mərhələsində bir-biri ilə görüşə bilməz. Çünki “Bakı” ilk, AZAL 2-ci “altılıq”dadır. “Zolaqlılar”ın çempionatdan avrokuboka vəsiqə qazanmağı çətin olduğundan, həmşəhərliləri kimi bütün gücünü ölkə kubokuna yönəldib. “Bakı”ya hətta 0:1 hesablı məğlubiyyət sərfəli olduğu halda, “təyyarəçilər” yarımfinala çıxmaq üçün 2:0 hesabı ilə qalib gəlməlidirlər.

Lənkərandakı matçda isə azarkeşlər gərgin mübarizənin şahid olacaqlar. Özü də bu, “Xəzər Lənkəran”la “İnter” arasında 2 hissəli tamaşanın ilk pərdəsidir. Məsələ ondadır ki, komandalar Premyer Liqanın növbəti turunda – aprelin 1-də də Lənkəranda görüşəcəklər. 3 gündə 2 matç “Xəzər Lənkəran”la “İnter”in avrokuboklar perspektivinə böyük ölçüdə aydınlıq gətirəcək. Özü də bunu cənub klubunda yeni baş məşqçi Yunis Hüseynov reallaşdırmalıdır. Lənkəranlılar elə “İnter”lə kubok oyunundan sonra baş məşqçisini dəyişdirdi ki, türkiyəli Cüneyt Biçəri Hüseynov əvəzlədi. Hələ “Xəzər Lənkəran”ı çıxardığı 2 oyunda qələbə qazana bilməyən azərbaycanlı çalışdırıcı siftəni kubokda etməyə çalışacaq. Komandası səfərdə 2 qol vurduğundan, Hüseynov 1:0, 2:1 hesablı qələbə sayəsində mərhələ adlayacaq.

Ağdamdakı oyunda meydan sahiblərinin yarımfinala çıxmaq şansı daha çoxdur. Çünki “Qarabağ” da rəqib meydanında 2 qol vursa da, “Xəzər Lənkəran”dan fərqli uduzmayıb. “Qəbələ” ilə səfər oyununda 2:2 hesabı o deməkdir ki, 0:0 və 1:1 hesablı bərabərliklər ağdamlıların mərhələ adlamağına imkan verəcək. Belə olan halda, qəbələlilərin qarşısında duran vəzifə istənilən hesabla qalib gəlməkdir. Onlar elə ötən həftə “Qarabağ”la Quzanlıdakı oyunda hesabda 1:0 irəlidə olduğu halda, sonda buraxdığı qolla kubokda olduğu kimi, qələbəni əldən verdi.

28 mart

15:00. “Qarabağ” – “Qəbələ”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyunu – 2:2

16:00. AZAL – “Bakı”
Bakı. “AZAL Arena” stadionu.
İlk oyunu – 1:3

16:00. “Neftçi” – “Kəpəz”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
İlk oyun – 2:1

18:00. “Xəzər Lənkəran” – “İnter”
Lənkəran. Mərkəzi şəhər stadionu.
İlk oyun – 2:3