“Biabırçılıqdan sonra “Neftçi” başladı bəyanat verməyə” - MÜSAHİBƏ
27.03.2012 - 12:45
“Biabırçılıqdan sonra “Neftçi” başladı bəyanat verməyə” - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyevin müsahibəsi

- Komandanızın Premyer Liqada və kubokdakı çıxışını necə dəyərləndirərdiniz?
- Klubumuz son zamanlar bir az yaxşı nəticələr qazanmır. Bunu da, bəxtsizliklə qiymətləndirərdim. Çempionatdakı çıxışımız və eləcə də kubokda işlərimiz demərəm ki, pis gedir. Hədəfimiz çempionluq və kubokdu.

- “Neftçi” ilə çempionat oyunundan sonra rəqibiniz hakimliklə bağlı klubun saytında hakimliklə bağlı (sualımı yarımçıq kəsir)
- "Neftçi" tərəfi ötən mövsüm də, biz onları Bakıda 4:3 hesabı ilə məğlub etdikdən sonra başladılar bəyanat yaymağa, etirazlarını bildirməyə. Bütün dünyanın baxdığı bu oyunda matçı Anar Salmanov idarə edirdi. Biabırçılıqdan sonra "Neftçi" başladı bəyanat verməyə, etiraz etməyə. Bunlar həmişə belədi. "Neftçi" ilə bir neçə gün bundan qabaqkı oyunda da, Əliyar Ağayev bizə qarşı bir çox qərarlar qəbul etdi. "İnter"lə oyunda da, Əliyar Ağayev penaltimizi vermədi. Bütün bu amillər "Xəzər Lənkəran"ın oyunlarına təsirsiz ötüşmür.

- Əgər "Xəzər Lənkəran"a qarşı haqsızlıq varsa, niyə bununla bağlı bəyanat vermirsiz, etirazınızı bildirmirsiz?
- Bu bəyanatların nə xeyri var? İndiyə kimi, çox şikayət edib bəyanatlar ünvanlamışıq baxan olubmu? Heç bir tədbir görülmədiyindən və ya da məsələyə baxılmayandan sonra nə ehtiyac var boş-boş bəyanata? Bu dəqiqə bütün Avropa ölkələrində hər xırda bir epizod ciddiyyətə alınır, analiz edilir və nəticədə də, növbəti dəfə belə bir səhvlər olmur. Ancaq biz hər dəfə eyni səhvlərin qurbanı oluruq.

- "Xəzər Lənkəran"ın bu mövsümdə üçüncü baş məşqçi dəyişikliyinə əl atdı. Fikirləşmirsiniz ki, məhz bu səbəbdən komanda son turlarda uğurlu nəticələr əldə edə bilmir?
- Klub prezidenti bunun vacibliyini görərək belə bir addım atdı. Ona görə də, yeni baş məşqçinin gəlişindən sonra onun üçündə çətin olur. Klubumuzda nə dəyişiklik olursa, hamsı gələcəyə atılmış addım kimi qələmə verilməlidi.

- Yeni baş məşqçiniz Yunis Hüseynov komandanı 2 oyuna çıxardıb və cəmi 1 xal qazanmısız...
- Bizim layihəmiz var ki, yerli futbolçularla güclənək. Gənc, istedadlı futbolçuların üzə çıxardılmasında Yunis müəllimin köməyi böyük olacaq. Bu səbəbdən də, biz Yunis Hüseynovla yolumuza davam etmək fikrindəyik. Baxmayaraq ki, hələ qələbə qazana bilməmişik. Lakin ona vaxt lazımdı.

- Komanda sabah "İnter"lə baş tutacaq oyuna necə hazırlaşır?
- Bütün oyunlara necə hazırlaşırıqsa, elədə də bu oyuna elə hazırlaşırıq. Klubumuzun qarşısında əsas hədəflərdən biri kuboku qazanmaqdı və inanırıq ki, "İnter"i sabah məğlub etməklə yolumuza davam edəcəyik.

- "Xəzər Lənkəran" avrokuboklara vəsiqə qazanmasa bu klub üçün faciə sayılmayacaq?
- Bizim hədəfimiz həm Azərbaycan çempionu olmaq, həm də kubok qazanmaqdı. Biz düşünmürük ki, biz vəsiqə qazana bilməyək. Bu futboldu, futbolda hər şey ola bilər. Əgər gedə bilməsək, bunu faciə kimi qəbul etməyəcəyik.

- Mətbuatda belə bir fikir səsləndi ki, Kamran Ağayev "Neftçi" ilə oyundan sonra sizə üzünü tutaraq: “Höccət müəllim, “Neftçi” heç vaxt bizi təmiz oyunla uda bilməz. Haqqımızı yeyirlər” kimi fikirlər səsləndirib...
- Bəli belə bir söz deyib. Təmiz oyun olsa, "Neftçi" bizə qalib gələ bilməz.

Korner.az