Fatih Kavlak: Kim qol vurursa-vursun, təki mərhələ adlayaq
27.03.2012 - 13:44
Fatih Kavlak: Kim qol vurursa-vursun, təki mərhələ adlayaq
“Ağdama qələbə dalınca yollanırıq. Komandamız “Qarabağ”a qalib gəlmək gücündədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli çalışdırıcının rəhbərlik etdiyi komandanı sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində Ağdamda çətin sınaq gözləyir. Belə ki, qəbələlilər evdə 2:2 hesabı ilə bərabərliyə qaldığı “Qarabağ”la cavab oyununda qalib gəlib, yarımfinala çıxmalıdır.

Kavlak evdə sərfəli olmayan nəticəyə baxmayaraq, cavab matçına nikbin baxır: “Hər halda, kubok 2 oyundan ibarətdir. İlk oyunda heç-heçə olsa, hətta uduzsan belə, cavab matçına ümid bəsləyirsən. Çünki hələ lazımı nəticə qazanmaq imkanın var. Əlbəttə, “Qarabağ”a səfərdə qalib gəlməyimiz mümkündür. İnşallah, buna nail olarıq. Ancaq bunun asan olmayacağını yüz faizdir və onu yaxşı başa düşürük. Rəqiblə axır 10 gündə 2-ci dəfə görüşməli olacağıq və hələlik qalib müəyyənləşməyib”.

“Qəbələ”nin ötən yay transfer etdiyi seneqallı futbolçu Viktor Mendi “Qarabağ”la oyunlarda xüsusilə fərqlənir. Təsadüfi deyil ki, təcrübəli hücumçu ağdamlılarla hər 3 oyunda hesabı açıb, “Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçin həm çempionatda, həm də ümumiyyətlə, “quru seriyası”nı qırıb. Bunun ikisinə Ağdamda nail olan Mendi ilk dövrədə həmin məkanda vurulan yeganə qolun müəllifi olmaqla, “Qəbələ”yə 3 xal qazandırdı. Kavlakın baş məşqçi postuna gəlişindən sonra qış fasiləsində Türkiyə Superliqasından transfer etdiyi digər hücumçu Yannik Kamanan bu il vurduğu 6 qolla komandasının bombardiridir.

Ancaq baş məşqçi hansısa futbolçudan yox, bütün komandadan uğurlu çıxış gözləyir: “Hansısa futbolçunu dəyərləndirmək düzgün olmazdı. Bütün komanda şəklində uğur qazanmağa çalışacağıq. Sözsüz ki, evdə qol buraxdığımızdan, səfərdə mütləq rəqib qapısına yol tapmalıyıq. Komandamızda kim qol vurursa-vursun, tək mərhələ adlayaq. Əsas məqsədimiz budur”.

Türkiyəli çalışdırıcı ölkəmizdə ilk çalışdığı klub olan “Qarabağ”ın şansının daha çox olduğunu gizlətmir. O, eyni zamanda rəqibi ilə bu il keçirdiyi oyunlarda hesabda irəlidə olduğu halda, son dəqiqələrdə qələbəni əldən vermələrinə də toxunub: “Əlbəttə, buna diqqət yetirməli olmağımızla bağlı haqlısınız. Ancaq biz oyunumuzda konkret detalları yox, ümumilikdə təhlil edirik. “Qarabağ”la matçlarımızda hər 2 komandada çox qol imkanı olub. Elə ola bilərdi ki, rəqib hesabda irəli çıxıb, biz tarazlığı bərpa edə bilərdik. Futbol dəyişik bir oyundur, top qapıdan keçən halda, gözəl olur. “Qarabağ”ın üstünlüyü var, çünki səfərdə 2 qol vurub. Yəni 0:0, 1:1 hesabı ona mərhələ keçmək üçün sərfəlidir. Biz isə 3:3, 4:4 və daha məhsuldar bərabərlik sayəsində istəyimizə çata bilərik. Ancaq bunun qeydə alınacağı ilk baxışdan real görünmür”.

Qeyd edək ki, Kavlak 2009/10 mövsümündə “Qarabağ”da baş məşqçi Qurban Qurbanovun köməkçisi olub.

Mehman SÜLEYMANOV