“Ana dilində danışmaqdan çəkinmirəm, sadəcə...”
28.03.2012 - 12:16
“Ana dilində danışmaqdan çəkinmirəm, sadəcə...”
Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti, əslən azərbaycanlı Emil Əliyevin apasport.az saytına müsahibəsi

- Vətəndən hansı təəssüratla ayrılırsınız?
- Ən yaxşı təəssüratlarla. Azərbaycanda olmaqdan çox sevincliyəm. Bakıda isti qarşılanmadan böyük zövq aldım.

- Hər halda, bunu gözləyərdiniz. Çünki azərbaycanlıların qonaqpərvər olduğunu yaxşı bilirsiniz...
- Elədir. Azərbaycanlılar o dərəcədə qonaqpərvərdir ki, məncə, milli komandamıza bunu həddən artıq göstərdiniz.

- Elə də olmalı idi. Axı Rusiya Mini-Futbol Assosiasiyasına soydaşımız rəhbərlik edir...
- (gülür) Fikrimcə, bu gün Rusiya Mini-Futbol Assosiasiyasına kim rəhbərlik etsəydi də, belə münasibət görərdi. Çünki qonaqpərvərliyiniz ənənəvidir. Bu, məni təəccübləndirmədi. Sadəcə, bundan məmnunluq duydum, sevindim. Bu gün yığmamızın heyətində Azərbaycanda ilk dəfə olan oyunçularımız, baş məşqçimiz üçün mənim sözlərim tam təsdiqləndi.

- Bəs oyun sizdə hansı təəssürat oyatdı?
- Əlbəttə, Azərbaycan yığması bu gün yüksək səviyyədir. Düzdür, 2:3 hesabı ilə uduzsa da, yetərincə ciddi müqavimət göstərdi. Ona görə bizə aprelin 9-da Tümendəki cavab matçında heç də asan olmayacağını düşünürəm.

- Tümendə çoxlu azərbaycanlıların yaşadığını bilirsiniz və deməli, yığmamız orada yaxşı dəstəyə malik olacaq...
- Elədir. Orada yaşayan böyük diaspora narahatdır. Ona görə ki, Tümendə yaşayan bütün azərbaycanlılar oyunu zaldan izləyə bilməyəcəklər. Çünki bilirəm ki, kvotaya görə Azərbaycan diasporuna 150-yə yaxın yer ayrılıb. Sifarişdə isə 600-700 yer var.

- Siz oyunu Tümenə salmaqla, burada çoxlu azərbaycanlıların yaşadığını nəzərə almadınız? Ümumiyyətlə, matçın mərkəzdə yox, belə uzaq məkanda keçirməyə qərar verməyiniz nə ilə bağlıdır?
- Çünki Tümen bizim mini-futbolun mərkəzlərindən biri sayılır. Sibirdə yaxşı komandamız, yaxşı şəraitimiz var. Əlbəttə, oranın qubernatoru Vladimir Yakuşevin şəxsi təşəbbüsü ilə mini-futbolu təbliğ edirik. Bu idman növünü bölgələrdə inkişaf etdirməyə çalışırıq.

- Sirr deyilsə, yığmamız qol vuranda, emosiyalarınız necə oldu, nə hisslər keçirdiniz?
- Yəqin ki, mən ən çox komandaya görə şad deyildim. Hər halda, Azərbaycan yığması rəqibimiz idi. Mən tribunalarda çox sevincli olan azarkeşləri görməyə şad idim. Onlar başları yuxarı “Azərbaycan, Azərbaycan” deyə yığmalarını alqışlayırdılar. Bax, mən onlara görə səmimi qəlbdən şad idim ki, belə milli komandaları var və Zaur Axundovun rəhbərliyi altında bu idman növü inkişaf etdirilir. O, Azərbaycan publikasına futbolla bağlı əsl zövq verə bilər.

- Bir azərbaycanlı kimi, futzalımızın inkişafına gələcəkdə öz töhfənizi verə bilərsiniz? Misal üçün, əlaqələriniz vasitəsilə oyunçularımızın Rusiya klubuna keçidinə imkan yaradasınız...
- Əgər ölkə idmanınızın ali rəhbər orqanları təklifimizə diqqət yetirsə, biz bu idman növünün Azərbaycanda inkişafı ilə bağlı dövlət proqramını təklif etməyə hazırıq. Bu, kütləvi, uşaq, tələbə futbolu və güclü çempionatın təşkili ilə bağlıdır. Bunu Zaur Axundovun rəhbərlik etdiyi Azərbaycan Futzal Federasiyasına təqdim edə bilərik.

- Azərbaycanda çoxdandır olmurdunuz?
- Yox. Mən Bakıya hər il gəlməyə çalışıram. 3-4 günlük vaxt tapıb gəlirəm. Əlbəttə, bu, əsasən yayda olur. Burada mənim qohumlarım, dostlarım var. Buna görə də Bakı ilə əlaqəni kəsməməyə çalışıram.

- Azərbaycanca danışa bilirsiniz?
- Əlbəttə, azərbaycanca çox şeyi başa düşürəm, deyə bilərəm. Ancaq...

- Səlis danışa bilmədiyinizdən çəkinirsiniz?
- Yox. Sadəcə, Azərbaycandan uzun müddətdir getmişəm - 11 yaşımda. Evimizdə həmişə rusca danışıblar, rusdilli məktəbdə oxumuşam. Əlbəttə, 20 ildən artıq Moskvada yaşadığımdan, praktiki olaraq rus dilində danışmağa öyrəşmişəm.

- Səfərdə 3:2 hesablı qələbədən sonra yığmanızı artıq final mərhələsində görürsünüz?
- Yox. Sualınızı şərh etməyəcəyəm. Çünki idmanda belə inanc var ki, nail olunmayan nəticəni müzakirə etməyəsən.

Mehman SÜLEYMANOV