“Zimbru” “Çelsi”ni gətirir, “Neftçi” isə...
28.03.2012 - 15:33
“Zimbru” “Çelsi”ni gətirir, “Neftçi” isə...
Moldova futbolunun flaqmanı “Zimbru” bu il 65 illik yubileyini qeyd edir. Apasport.az saytının məlumatına görə, 1947-ci ildə yarandıqdan sonra “Burevestnik”, “Moldova”, “Dinamo”, “Avantul” və “Nistru” adlarını da daşımış komanda bu yubileyi böyük təntənə ilə keçirəcək.

Belə ki, SSRİ çempionatlarında Azərbaycan klubları, o cümlədən “Neftçi” ilə, müstəqillik dönəmində avrokuboklarda “Qarabağ”la, həmçinin “Birlik kuboku”nda da Azərbaycan komandaları ilə dəfələrlə üz-üzə gələn Kişinyov təmsilçisi azarkeşlərinə qeyri-adi hədiyyə hazırlayıb.

“Zimbru” yubileyinə “Çelsi” klubunu dəvət edib, britaniyalılarla yoldaşlıq oyunu keçirəcək. Klubun şəriki olan rusiyalı biznesmen Adlan Şişxanov “Çelsi”nin Kişinyova dəvət olunmasını təsdiqləyib. Bu matç ilkin olaraq mayın 16-na planlaşdırılıb.

Qeyd edək ki, bu il Azərbaycan futbolunun flaqmanı “Neftçi”də yubileyini qeyd edir. “Zimbru”dan 10 yaş böyük olan və büdcəsinə görə də moldovalıları çox-çox qabaqlayan bakılıların “Çelsi” səviyyəsində qonaq dəvət edib-etməyəcəyi isə hələ bilinmir.

Hələ ki, “Neftçi” yubileyini azarkeşlərin hər oyunun 75-ci dəqiqəsində yandırdığı pirotexniki vasitələr və buna görə ödənən cərimələrlə qeyd edir.