“Mən baş məşqçi olanda, topu özüm alırdım”- MÜSAHİBƏ
28.03.2012 - 15:48
“Mən baş məşqçi olanda, topu özüm alırdım”- MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərovun apasport.az saytına müsahibəsi

- DÇ-2012-nin pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən Azərbaycan – Rusiya matçı haqda nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki? Futzalçılarımız pis oynamadılar. Rusiya yığması zəif komanda deyil. Çox güclüdürlər. Avropa çempionatında 2-ci yeri tutdular. Onlara 2:3 hesabı ilə uduzmağın özü də yaxşı nəticədir.

- Nəticə sizi qane etdi?
- Komandamız 2:3 deyil, lap 0:5 hesabı ilə uduzsaydı belə, komanda yaxşı oyun göstərdi. Açığı, millimizdən belə oyun gözləmirdim. Onlar məni yaxşı mənada təəccübləndirdilər. Baxmayaraq ki, baş məşqçi Joze Alesio bəzi taktiki-psixoloji səhvlərə yol verdi.

- Səhv dedikdə nəyi nəzərdə tutursunuz?
- Bildiyiniz kimi, cəzalı olan qapıçı Andrey Tveryankini Elnur Zamanov əvəzlədi. O da ki, çox yaxşı oynadı. Ən azı 5 real qol imkanının qarşısını aldı. Baş məşqçinin “cavab oyununda Tveryankin də bizimlə olacaq” deməsi, düzgün deyildi. Elnur çox əla oynadı. Komandada 1-2 azərbaycanlı var, qoy, 3-4 olsun da. Həm də ki, həm Andrey, həm də Elnurun səhvləri ola bilər. Lakin yaş amilini də nəzərə alsaq, Zamanov yığmada “1” nömrə olmalıdır.

- Belə çıxır ki, cəzalı oyunçularımızdan birinin layiqincə əvəzləndiyini düşünürsünüz?
- Əlbəttə, hamı gördü ki, Elnur necə oynadı. Onunla yanaşı, Kakadan da çox razı qaldım.

- Kakanın milliləşməsinin komandaya xeyir verdiyini düşünürsünüz?
- Təbii ki. Kaka çox güclü oyunçudur. O, Rusiya ilə qarşılaşmada da komandaya çox xeyir verdi.

- Bəs narazı qaldığınız oyunçular oldu?
- Felipe heç gözə dəymirdi. Bilmədim ona nə olub. Potensiala malik yaxşı oyunçudur. Lakin nədənsə zəif oynadı. Bilmirəm, indiki vaxtda onların nə problemi ola bilər. AFFA və futzal federasiyası onlara hər şərait yaradıb. Əvvəlki vaxtlar deyil ki... Mən baş məşqçi olanda topu özüm alırdım.

- Sizcə, oyunun gedişində 0:3 hesabı ilə geri düşməyə səbəb nə oldu?
- Buraxılan ilk qoldan sonra baş məşqçi taym-aut götürməli idi. Aşkar görünürdü ki, rusiyalıların təzyiqi güclüdür. Belə vaxtda fasilə komandanın işinə yarayardı.

- Deyəsən, həmkarınızdan narazı qalmısınız?
- Bilirsiniz məsələ necədir? Berti Foqtsu görürsünüz. O, nə etdiyini çox yaxşı bilir. Almaniyalı kimi harada oynatmağı çox gözəl bilsə də, klub məşqçiləri ilə həmkarları ilə görüşür. Onların məsləhətlərini dinləyir. Çünki elə məqamlar ola bilər ki, onun da gözündən yayınsın. Təəssüf ki, futzalda belə şey yoxdur. Alesio həmkarları ilə məsləhətləşmir. Mən kənardayam mənimlə məsləhətləşməsinə ehtiyac yoxdur. Amma “Neftçi” İSM çempionatın lideridir. Onun baş məşqçisi olan həmyerlisi Kaka ilə məsləhətləşmək, onun yalnız xeyrinə olardı. Ya da İlqar Aslanovla. Axı İlqar da neçə ildir futzaldadır hər şeyi bilir. Onlar Alesioya elə oyunçular məsləhət verə bilər ki.

- Sizcə yığmaya layiq olub kənarda qalan oyunçular var?
- 3-4 belə oyunçu var. Hamısının adını çəkmək istəmirəm. Lakin Fərid Ələkbərovu mütləq yığmaya çağırmaq lazımdır. O, 100 faiz milliyə kömək edər.

- Belə oyunçuların kənarda qalmasına səbəb nədir?
- Rizvan Fərzəliyevin cəzalı olması məlum idi. Belə olan halda yığmanın baş məşqçisi aparıcı klubların çalışdırıcılarını qeyri rəsmi söhbətə, lap çay içməyə dəvət edib məsləhətləşə bilərdi. Axı Rizvan kimi oyunçunun yoxluğunu hiss etdirməmək çətindir. Məsləhətləşib çıxış yolu tapmaq lazım idi.

- Sizcə Fərzəliyevin yoxluğu çox hiss olunurdu?
- Alesio onu Zeynal Zeynalovla əvəzləyəcəyini demişdi. Zeynal dostumuzdur, qardaşımızdır, birlikdə çalışmışıq. Amma o, heç vaxt Rizvanı əvəz edə bilməz. Fərzəliyev çox güclü oyunçudur.

- Deyəsən, Zeynalın oyunundan razı qalmamısınız?
- Onun oyun praktikasının yoxluğu hiss olunurdu. Aşkar narazı qaldığım təkcə Felipe oldu. Elnur, Kaka, Vitali Borisov, o biri braziliyalı Jadder, İlkin Hacıyev çox yaxşı oynadılar. Məncə, İlkin və Elnuru da digərləri qədər tərifləmək lazımdır ki, daha da həvəslənsinlər. Yoxsa ki, onların əla oyunu kölgədə qalmamalıdır. Rəcəb Fərəczadə ilə Namiq Məmmədkərimov yaxşı oynasalar da, meydanda nədənsə az oldular.

- Belə oyunla cavab qarşılaşmasında nəyəsə ümid etmək olar?
- Əsas odur ki, komanda çox yaxşı oynadı. Komandada potensial var. Səhvlər isə məndə də olur, onlarda da, rəqibdə də. Ümumilikdə isə yığmamız gözlədiyimizdən də yaxşı oynadı.

- Tümendə qalib gəlib dünya çempionatına vəsiqə qazanmaq mümkündürmü?
- Millimizin göstərdiyi oyuna əsasən buna ümid etmək olar. Gördünüz ki, komanda 37 dəqiqəyə qol vura bilmədi, sonra ikisini vurdu. Yığmamız səfərdə də belə oynasa Rusiyanı keçə də bilər. Komandamızın buna uyğun potensialı da var.