“Ürəyimə dammışdı ki, Rusiya yığmasına qol vuracağam” MÜSAHİBƏ
28.03.2012 - 16:50
“Ürəyimə dammışdı ki, Rusiya yığmasına qol vuracağam” MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının üzvü İlkin Hacıyevin apasport.az saytına müsahibəsi

- Millimiz dünya çempionatının pley-off mərhələsində Rusiyaya 2:3 hesabı ilə uduzmaqla, final mərhələsinə çıxmaq işini çətinə saldı. Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Fikrimcə, matçın əvvəlindən pressinqlə oynamalı idik. Ancaq sözün düzü, bunu oyunun axırında etdik. İlk hissədə uduzmağımıza baxmayaraq, daha çox irəli çıxmalı idik. Hesabda geri olsaq da, qol vəziyyətləri zamanı top qapıya girmədi. Elə düşünürəm ki, onda qol olsaydı, uduzulası oyun deyildi.

- Hesab edirsiniz ki, son Avropa çempionatının gümüş medalçısı olan Rusiya yığması ilə heç-heçə edə bilərdik?
- Bəli. Ən azı son dəqiqədəki top qapıdan keçsəydi, Jadder ötürməni versəydi, bunu edə bilərdik. Ancaq alınmadı.

- Sizin son dəqiqədə vurduğunuz qol bizi ümidlənirdi...
- Əlbəttə, sevinirəm ki, azərbaycanlı oyunçu belə güclü rəqibə qol vurdu. Sözün düzü, mən qol vuracağımı fikirləşirdim. Elə də oldu.

- Ürəyinizə dammışdı ki, yoxsa yuxuda görmüşdünüz?
- (gülür) Yox, yuxuda görmək söhbəti deyil. Sadəcə, ürəyimə dammışdı. 2 gün əvvəl də qol vuracağımı fikirləşirdim. Hələ qoldan əvvəl də fərqlənmək imkanım vardı.

- Avropa çempionatının final mərhələsinin keçirildiyi Xorvatiyaya aparılsanız da, orada kənarda qaldınız. Bu dəfə isə yığmamızda heyətlə bağlı problemlər olduğundan, meydanda oldunuz. Necə düşünürsünüz, azərbaycanlı futzalçı yığmada öz sözünü deyə bilərmi?
- Əlbəttə, bu qolla millidə yerimizin olduğunu göstərdik. Mənə elə gəlir ki, bundan sonra da yığmada öz sözümüzü deyə bilərik. Hər şey özümüzdən asılıdır. Çıxıb elə oynamalıyıq ki, baş məşqçi bizə etimad göstərsin. İnanıram ki, bu qoldan sonra braziliyalı baş məşqçimiz bizə bir daha güvənəcək və azərbaycanlı oyunçulara üstünlük verəcək.

- İndi ruslarla Tümendə keçiriləcək cavab oyununda hamı yığmamızdan qollar, 2 top fərqi ilə qələbə gözləyir. Buna nail ola biləcəksiniz?
- İnşallah. Bundan bir az artıq oynasaq, ruslara qalib gələcəyimizi düşünürəm.

- Yəni Tümenə turist kimi getməyəcəksiniz...
- Əlbəttə ki, yox. Heç bir futbolçu elə fikirləşə bilməz.

- Rusiya yığması Avropa çempionatı ilə müqayisədə zəif təsir bağışladı. Bəlkə rəqib bizi qiymətləndirmədiyindən, arxayınlıq vardı?
- Bu, ola bilməz. 3:0-dan sonra 2 qol vurmağımızı rusların arxayınlığı ilə əlaqələndirmirəm. Onlar elə komandadır ki, rəqibi fikirləşməməkləri mümkün deyil. Rusiya yığması zəif rəqibi də fikirləşir. Mənə elə gəlir ki, yaxşı futbol getdi. Biz də pis oynamadıq. Sadəcə, oyunun əvvəlində topun rəqib qapısına girməməyi nəticəyə təsir göstərdi. Ümumiyyətlə, son 2-3 ayda bizdə bu planda alınmır, uğursuzluq zolağındayıq. İnşallah, yaxşı olar, bundan çıxarıq.

- 2010-cu il futzalımız üçün çox uğurlu oldu, yığmamızın Avropa çempionatında 4-cü, “Araz” klubu UEFA kubokunda 3-cü yeri tutdu. Ancaq yığmamız bundan sonra keçirdiyi oyunlarda daha çox uduzduğundan, indi geriləmədən, yerli oyunçuların sayının azalmağından danışılır...
- Mənə elə gəlir ki, bir az ruh düşkünlüyü yaranıb. Çünki ardıcıl uduzduğumuzdan, hamısı üst-üstə yığılıb. Yaxşı bir turnirlər olsa, güclü komandalarla qüvvəmizi sınasaq, bu, həm azərbaycanlı oyunçular, həm də oyun praktikası üçün yaxşı olar.

Mehman SÜLEYMANOV