Bombardirsiz kubok və ya 9 nəfərlik “vaqon”
29.03.2012 - 10:33
Bombardirsiz kubok və ya 9 nəfərlik “vaqon”
Azərbaycan kubokunun cari mövsümündə bombardir çatışmazlığı yaranıb. Apasport.az saytının məlumatına görə, yarışın yekunlaşmasına cəmi 5 oyun qalsa da, turnirdə qolçuluq bacarığı ilə seçilən futbolçu hələ də üzə çıxmayıb.

Yarımfinal və final oyunları ərəfəsində hesabında 3 qol olan oyunçu da yoxdur. Belə bombardirin olmaması üzündən Azərbaycan kubokunun ən məhsuldar (digərlərinə nisbətən) futbolçuları az qala bir “vaqon”dur.

Belə ki, hesabında 2 top olanların hamısı bu “vaqon”a doluşub. Belələrinin sayı isə artıq 9-a çatıb. Bunlar “Xəzər Lənkəran”dan Katalin Domanla Rendall Brenes, “Kəpəz”dən Ceyhun Sultanovla Yuri Fomenko, “Qəbələ”dən Serj Cehua, “Şahdağ”dan Fair Əmirquliyev, “Şuşa”dan Röyal Nəcəfov və onlardan fərqli, kubokda mübarizəni davam etdirən 2 oyunçudur.

Belə ki, artıq 3-cü qolunu vurmayacağı dəqiq olan 7 oyunçu ilə yanaşı “Neftçi”dən Bahodir Nasimov, “Bakı”dan Xavyer Junior 2 dəfə fərqləniblər.

Qeyd edək ki, ötən mövsüm kubokun bombardiri olan Uinston Parks “Xəzər Lənkəran”ın kuboka gedən yolunda 4 qol vurmuşdu.