Berti Foqts 25 futbolçuya güvəndi
29.03.2012 - 15:29
Berti Foqts 25 futbolçuya güvəndi
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 2-dən 5-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı müəyyənləşib. Baş məşqçi Berti Foqts hazırlıqlara 25 futbolçu çağırıb.

Almaniyalı mütəxəssis bu ilin fevralında Dubay toplanışına aparılmayan 4 futbolçuya da bu dəfə şans verib. Bunlardan 5-i müəyyən fasilədən sonra yığmaya qayıdanlar – Maksim Medvedev, Elvin Məmmədov, Murad Hüseynov, Ruslan Əmircanov və Vurğun Hüseynovdur.

Əvvəllər yığmaya çağırılsa da, debüt etməyən Novruz Məmmədov da Foqtsun siyahısındadır. Emil Balayev və Uğur Pamuk isə ümumiyyətlə ilk dəfə əsas yığmaya cəlb olunub.

Dubaya aparılanlardan 9-u isə bu dəfə kənarda qalıb. Onlardan 5-nin milliyə qoşulmamağı legioner həyatı yaşamaları ilə bağlıdır. Xarici klublar FİFA pəncərəsi olmayan vaxtda futbolçularını milliyə buraxmayıblar. Bunlar Ufuk Budak, Vüqar Əsgərov, Cihan Özkara, Murad Ağayev, Rizvan Umarovdur.

Rəşad Sadiqov, Arif Daşdəmirov, Rail Məlikov və Elnur Allahverdiyev yerli klublarda oynasa da, bu dəfə baş məşqçiyə lazım olmayıb.

Son vaxtlar yığmaya ən çox futbolçu verən klub kimi ad çıxaran “Qarabağ”ın bu adına şərik tapılıb. Belə ki, Premyer Liqanın autsayderi “Sumqayıt” da milliyə “Qarabağ” kimi 5 oyunçu verib. Son çempion və hazırkı lider “Neftçi”nin milliyə faydası isə autsayder qədər də olmayıb – cəmi 2 futbolçu.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt”), Anar Nəzirov (“Turan”)

Müdafiəçilər: Emil Balayev, Bədavi Hüseynov, Hacı Əhmədov (hamısı “Sumqayıt”), Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Novruz Məmmədov (“Bakı”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi “Qəbələ”)

Yarımmüdafiəçilər: Uğur Pamuk (“Sumqayıt”), Aleksandr Çertoqanov (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL), Əfran İsmayılov (“Qarabağ”), Nizami Hacıyev (“İnter”), Elvin Məmmədov (“Bakı”)

Hücumçular: Murad Hüseynov (“Qəbələ”), Branimir Subaşıç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”).