“Andrey Tveryankin çağırılarsa, aprelin 1-2-dən sonra gələ biləcək”
29.03.2012 - 16:21
“Andrey Tveryankin çağırılarsa, aprelin 1-2-dən sonra gələ biləcək”
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə cavab oyununa hazırlığa sabahdan başlayacaq. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev ilk matçda 2:3 hesabı ilə uduzan komandamızın məşqlərini “ABU Arena”da edəcəyini bildirib.

O, cavab matçının keçiriləcəyi Tümenə səfərin aprelin 8-də gözlənildiyini söyləyib: “Detallar dəqiqləşəndən sonra buna tam aydınlıq gələcək. Ancaq təxmini vaxt həmin günə nəzərdə tutulub. Bildiyiniz kimi, yığmamız aprelin 9-da cavab matçına çıxacaq və Tümenə səfər çarter reysi ilə planlaşdırılıb”.

Qaydaya görə, yığmamız təqdim etdiyi 13 nəfərlik iştirak ərizəsində dəyişiklik etmək imkanına malikdir. Bu, oyuna 1 gün qalmışa kimi mümkündür. Bu mənada millimizin ruslara cavab matçına hansısa oyunçunu kənarlaşdırıb, yerinə başqasını sifariş etməyi diqqət mərkəzindədir. Özü də ruslarla Bakıdakı oyunu buraxmalı olan millimizin əsas qapıçısı Andrey Tveryankinin cəzası artıq bitib.

Xudiyevin sözlərinə görə, təcrübəli qapıçıya dəvət göndərilməyi məsələsi hələlik açıq qalıb: “Bunu hazırlığa başlayandan sonra baş məşqçimiz müəyyənləşdirəcək. Andreyin çıxış etdiyi Rusiya çempionatında aprelin 1-2-də oyunlar var. Əgər onun cavab oyununa çağırılacağı dəqiqləşərsə, yalnız həmin tarixdən sonra düşərgəmizə gələ biləcək. Dünya çempionatının pley-off mərhələsinin oyunları zamanı isə orada iştirak edən ölkələrin çempionatlarında fasilə olur. Ümumiyyətlə, heyətlə bağlı məsələlərə baş məşqçi qərar verir. O, siyahını tərtib edir və biz də buna uyğun olaraq hərəkət edir, təşkilatı işləri görürük. Elə Tyaqu ilə Alvesin bu dəfə yığmamıza çağırılmamağı da baş məşqçinin qərarı ilə bağlıdır”.

Qeyd edək ki, uzun müddət “Araz”da oynayan Tveryankin yanvarda Moskvanın KPRF klubuna keçdi.

Mehman SÜLEYMANOV