“Neftçi”yə replika
29.03.2012 - 18:16
“Neftçi”yə replika
Ötən gün "Kəpəz"lə kubok qarşılaşmasının son hazırlıq prosesini keçən "Neftçi"də insident baş verib. Apasport.az saytı bu hadisə ilə bağlı azfutbol.com saytına istinadla məlumat yayıb.

Məlumata görə, komandada intizamsızlıq müşahidə olunması səbəbindən son məşqdə bir neçə futbolçu əlbəyaxa olub. Savaşanlardan biri isə futbolçu Fərid Quliyevdir. Futbolçuları yalnız inzibati heyətin və təhlükəsizlik xidmətinin müdaxiləsinin ardından sakitləşdirmək mümkün olub.

Xəbərin yayılmasından bir az sonra isə Neftçi" PFK rəhbərliyi öz saytında futbolçusu Fərid Quliyevin mücərrəd açıqlamasını yerləşdirib.

Quliyev açıqlamasında apasport.az saytını “tanınmayan bir mənbəyə istinad etməkdə” qınayıb: “Amma həmişə maraqla oxuduğum "Apasport.az" saytının tanınmayan sayta istinad edərək yalan məlumat yayması qərəzdən başqa bir şey deyil. Bu komanda daxilindəki mehriban abu-havanı pozmaq məqsədi güdür. Amma bizi qısqananlara demək istəyirəm ki, "Neftçi" bir ailədir və biz bir-birimizə həm meydanda, həm də meydandan kənarda hörmətlə yanaşırıq. İnanıram ki, APA-nın rəhbərliyi bu yalan xəbərin apasport.az saytında yerləşdirilməsini araşdırıb müvafiq tədbir görəcək".

Əvvəla, hörmətli Fərid Quliyevin “media detektoru” rolunda çıxış eləyib, hansı mənbənin tanınan, hansının tanınmayan olmasına qərar verməsi yanlışdı. Yeni “media eksperti”nin nəzərinə çatdıraq ki, rəsmi qərarla fəaliyyəti qadağan edilməmiş hər bir mənbəyə istinad etmək mümkündür və bu heç də qeyri-peşəkarlıq əlaməti deyil. Eyni məntiqlə elə apasport.az-a qara yaxan açıqlamanın yayıldığı saytı da “tanınmayan” və məşhur olmayan mənbə hesab eləmək olar.

İkincisi, Apasport Azərbaycanda fəaliyyət göstərən media qurumu olaraq, işini “KİV haqqında” qanunun müddəaları ilə tənzimləyir. Qanunun X fəslinin 62-ci maddəsində açıq şəkildə yazılıb ki, bir KİV digər bir KİV-dən istinadla xəbər alırsa, bu, onu məsuliyyətdən azad edir. Bunu Quliyev bilməsə də, onun adından bizə cavab hazırlayanlar mütləq bilməli idilər.

Üçüncüsü, Apasport Agentliyi MMC 2010-cu ildə müstəqil qurum kimi qeydiyyatdan keçib və “APA-Group”a daxildir. Bəli, məhz buna görə də agentliyimizin daxil olduğu şirkət qurumumuzla bağlı böhtan xarakterli xəbəri “Neftçi”nin rəsmi saytında yayanlar və işin əslinə varmadan, açıqlama verənlərlə bağlı müvafiq araşdırma aparacaq.

Və sonda... Məşhur olmaq, çox oxunan saytlar sırasında olmaq günah deyil. Bu, böhtana məruz qalmaq üçün də səbəb ola bilməz. Amma bir məşqi əlbəyaxa döyüş səhnəsinə çevirmək və bundan sonra “mehriban ailə” görüntüsü yaratmaq üçün acıqverici açıqlama yaymaq ayıbdı...