“Elxan Məmmədovun bir sözü yetər...”
30.03.2012 - 17:07
“Elxan Məmmədovun bir sözü yetər...”
“Futbolçularımızı milliyə buraxmamaq sərt formada yazılıb. Bu, daha çox qarşıdurma kimi başa düşülə bilər, amma heç vaxt belə fikrimiz olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

O, təmsil olunduğu klubun futbolçularının aprelin 2-dən 5-dək Bakıda planlaşdırılan təlim-məşq toplanışında iştirak etməməklə bağlı AFFA-ya rəsmi müraciət göndərdiklərini söyləyib: “Yazdığımız məktubda öz vəziyyətimizi, qarşıdakı müddətdə oyunların çoxluğunu, futbolçularımızın çox yüklədiklərini başa salmışdıq. Ona görə AFFA-dan xahiş eləmişdik ki, bu şəraitdə futbolçularımızın təlim-məşq toplanışına qatılmamağına imkan yaradılsın. Sağ olsun AFFA rəhbərliyi ki, bunu anlayışla qarşılayaraq, bizə müsbət cavab verdi. Fürsətdən istifadə edərək, baş katib Elxan Məmmədova saytınız vasitəsilə minnətdarlığımı bildirirəm”.

AFFA Premyer Liqada vacib oyunların olması və klubların müraciətləri nəzərə alınaraq, baş məşqçi Berti Foqtsun qərarı ilə millinin təlim-məşq toplanışı təxirə salıb. Çəlikəl bunu hazırkı vaxtda düzgün addım sayır: “Biz Elxan müəllimin işin içində olacağını nəzərə alaraq, müsbət qərar çıxarılacağına inanırdıq. Görünür, bununla bağlı Foqtsla məsləhətləşib. Elxan Məmmədovun bir sözü yetər ki, millidəki futbolçularımızla bağlı qərarımızı verək. Düzdür, bu vaxtda oyunçuların hazırlığımızdan kənarda qalmağı bizə ağır olacaqdı. Bununla belə, milli komandanın bizim üçün nə demək olduğunu yaxşı bilirik. Əlbəttə, gələcəkdə futbolçularımızın yığmanın təlim-məşq toplanışlarında iştirakına imkan yaradacağıq. Milli komanda bütün Azərbaycanındır, “Qarabağ”ın futbolçularının orada çox olmağı bizim üçün şərəfdir. Biz istəyərik ki, yığmada futbolçularımız 5 yox, 15 nəfər olsun. Millidə təmsilçilərimizin çox olmağı bizim üçün yalnız başucalığıdır”.

Mehman SÜLEYMANOV