“Sxadadzenin başına ağıl qoymaq lazım idi”
02.04.2012 - 14:24
“Sxadadzenin başına ağıl qoymaq lazım idi”
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Hesabat turunda “İnter”lə qarşılaşma haqda fikirlərinizi bilmək maraqlı olardı…
- Gərgin keçdi. Bir komanda ilə 2 dəfə qarşılaşmaq çox çətindir. Bildiyiniz kimi, ölkə kubokunun 1/4 final mərhələsində də onlarla qarşılaşmışdıq. Oyunu düzgün analiz etdik və sonda qalib gəldik. Açığı, kubokun cavab matçında da biz qələbə qazanmalı idik. Onların heç bir imkanı olmadı. Sadəcə, rəqib səhvimizdən yararlanıb, qol vurdu. Ancaq çempionat matçında həmin səhvləri təkrar eləmədik.

- Qeyd etdiniz ki, eyni rəqiblə qısa vaxt ərzində 2 oyun keçirmək asan deyil. Əvvəlki matçla müqayisədə nə kimi dəyişikliklərə əl atmışdınız? Komandanı oyuna necə köklədiniz?
- Kubokun cavab oyununda vəziyyət fərqli idi. Həmin matçda bizə mütləq qələbə qazanmaq lazım idi. Rəqibə isə top buraxmamaq, yəni məğlub olmamaq gərək idi. Heç-heçə də onları qane edirdi. Biz hücumda olan vaxt rəqib əks-hücuma çıxdı və oyunçumuzun səhvindən qol vurdular. Bundan sonra müdafiəyə çəkildilər və hesabı qorumağa nail oldular. Bütün oyunu müdafiədə keçirdilər. Əks-hücumlara çıxırdılar ki, bu da bizə çətinlik yaratdı. Belə götürəndə, həmin oyunda da bizim imkanlarımız çox oldu, sadəcə istifadə edə bilmədik. Çempionat oyununda vəziyyət fərqli idi. Onlara bir xal da kifayət edirdi. Biz isə liderlərdən uzaqlaşmamaq üçün mütləq 3 xal qazanmalı idik. Elə oldu ki, ilk qolu vurduq və sonra davamını gətirərək qələbə qazandıq.

- Bu, “Xəzər Lənkəran”ın “sükanı arxası”nda ilk qələbəniz idi. Eyni zamanda, “İnter”lə matç məşqçi karyeranızda 200-cü görüş kimi tarixə düşdü. Yəqin bu qələbə sizin üçün daha şirindir?
- Bəli, şirindir. Baş məşqçi kimi çıxdığım 200-cü oyunu qələbə ilə başa vurduq. Uşaqlar bunu mənə hədiyyə etdilər.

- Oyundan sonra həmkarınız Kaxaber Sxadadze ilə aranızda müəyyən gərginlik yarandı. Bunun səbəbi nə idi?
- Kaxaber Sxadadze səhv hərəkətlər etdi. O, Azərbaycanda işlədiyini unutmuşdu. Başına ağıl qoymaq lazım idi. Kubokun cavab oyunundan sonra onun əlini sıxıb, təbrik etdim. Amma son qarşılaşmadan sonra bəzi adamların yanında səhvə yol verdi. Çox əsəbi idi. Bu qarşılaşma onun paxıl insan olduğunu ortaya çıxardı. Bu hərəkəti ilə paxırını açdı.

- Təyinatınızdan sonra futbolçuların fiziki hazırlığının lazımi səviyyədə olmamasını qabartmışdız. İndi nə dəyişib?
- İndi deyə bilmərəm ki, gəldim, fiziki hazırlığı qaldırdım, hər şey superdir. Belə deyil. Fiziki hazırlıq tədricən qaldırılır. Amma fakt faktlığında qalır, “Xəzər Lənkəran” mən istəyən fiziki formada deyil. Bunu tədricən düzəldəcəyik.

- Cüneyt Biçər açıqlamasında sizin fikrinizi tənqid edib. O, komandanın fiziki formasının qaydasında olduğunu, bunun sübutu kimi 8 oyuna 15 qol vurmalarını göstərib.
- O, çox səhv düşünür. Mən dediyimin həqiqət olduğunu ona sübut edə bilərəm.

- Yeni təyin edilən vaxt həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacağınızı demişdiniz. Artıq kubokda mübarizəni dayandırmısınız. Reallığı nəzərə alsaq, çempionatda nəyə ümid edirsiniz?
- Çalışırıq ki, ən yaxşı yerlərdən birini tutaq. Ən yaxşı yer də çempion olmaqdır. Bir oyun uduzmuşuq deyə, hər şey bitməyib. Sona qədər mübarizə aparacağıq. Qarşıda çox çətin oyunlar var.

- Mövsümün finişinə 6 tur qalıb. Bunu edəcəyinizə əminsinizmi?
- Çalışırıq. Qarşıdakı 6 oyunun hamısında qələbə qazanmalıyıq.

- Qış fasiləsi zamanı heyətə bir neçə yerli gənc futbolçu dəvət edildi. Amma onların heç biri əsas komandada çıxış etmir. Heç adları matçın protokoluna da salınmır. Baş məşqçi kimi indiki məqamda onların heyətə düşmək şansının olub-olmadığını deyə bilərsizmi?
- Əvəzedici komandanın heyətində həmin uşaqların oyunlarını izləyirəm. Çox xoşuma gəldilər. Ola bilsin, qarşıdakı oyunlarda onlara şans verim. Amma söz verirəm ki, gələn mövsüm həmin futbolçuların xidmətindən istifadə edəcəm. İstedadlı uşaqlardır.

- Yayda heyətdə necə, çox dəyişiklik olacaq?
- Xeyr.

- Kamran Ağayevin müqaviləsi yayda başa çatacaq. O necə, komandada qalacaqmı?
- Qalacaq, özü ilə danışmışıq.

- “Xəzər Lənkəran” tez-tez futbolçuların media ilə ünsiyyət qurmasına qadağalar qoyur. Bunun səbəbi nədir?
- Bu, komandanın daxili işidir. Müəyyən məqamlarda bundan istifadə edirik.