Rafiq Mirzəyev: Məni qovmayıblar, özüm getmişəm
02.04.2012 - 16:03
Rafiq Mirzəyev: Məni qovmayıblar, özüm getmişəm
“Məni komandadan qovmayıblar, özüm getmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın sabiq baş məşqçisi Rafiq Mirzəyev deyib.

60 yaşlı çalışdırıcının Premyer Liqanın hesabat turundan sonra postundan getməsi gözlənilməz oldu. Çünki AZAL onun rəhbərliyi “Simurq”la çətin səfər oyununda qalib gəlmişdi – 2:1.

Mirzəyev bildirib ki, hələ ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra getməyi qərara alıbmış: “Mən “Bakı”ya uduzduğumuz kubok oyunundan sonra getmək istəyirdim. Bununla bağlı AZAL rəhbərliyinə istefa ərizəmi yazmışdım. Belə məsləhət olundu ki, bu oyuna da komandanı çıxardım. Ona görə də nəticədən asılı olmayaraq, postumdan gedəcəkdim. Bu, şəxsi qərarımdır və onu müzakirə etmək istəmirəm”.

Maraqlıdır ki, onsuz da çempionata az qaldığından, Mirzəyev mövsümü yola verib, gedə bilməzdi? “Onsuz da qalan oyunlar AZAL-ın çempionatdakı yerinə təsir etməyəcək. Komanda hazırda turnir cədvəlində 7-ci yerdədir və mən oldum-olmadım, Premyer Liqada qalacaq. Sadəcə, kubokdakı uğursuzluqdan sonra komandada fəaliyyətimi davam etdirməyi lazım bilmədim. Məndən sonra AZAL-ın baş məşqçisi kim olacağı bəlli deyil. Özümə gəlincə, başqa təklifim yoxdur. Allah kərimdir, gələcəkdə olar”.

Qeyd edək ki, Mirzəyev köməkçisi olduğu Elxan Abdullayev I dövrənin sonunda istefa verdikdən sonra onu əvəzləmişdi.

Mehman SÜLEYMANOV