Premyer Liqa: Cari mövsüm bizə nə verdi?
02.04.2012 - 23:01
Premyer Liqa: Cari mövsüm bizə nə verdi?
Azərbaycan çempionatının daha 1 mövsümü sona yaxınlaşmaq üzrədi. Həftəsonu komandalar XXVI turun oyunlarını da keçirdi.

Sonuna cəmi 6 tur qalan Premyer Liqanın cari mövsümünün Azərbaycan futboluna nə verdiyi maraq doğurur. Bəlkə də kimlərsə mövsümün futbolumuza nə verməli olduğunu bilmir. Amma əslində, çempionat təkcə ona görə keçirilmir ki, hansısa komanda nəyinsə sayəsində çempion olsun, avrokuboklara çıxsın (Sport Ekspress). Onsuz da orada biabır olub əlləri ətəklərindən uzun geri dönəcəklər. Ən yaxşı halda 1-2, lap 3 mərhələ keçəcəklər ki, bunu da ümumxalq bayramına çevirəcəklər. Oynadığımız yalnız təsnifat mərhələsidi. Kubokların əsas mərhələsi isə bizlik deyil. Avrokuboklara hələ çox var və hər keçilən mərhələyə çox zurna-balaban eşidəcəyik. Çalacaqlar, oynayacaqlar, bayram edəcəklər ki, bəs, "biz "Banqa"nı keçmişik".

Bu günü - yəni avrokuboklarlıq günü olmayan komandalarımızın heç olmasa, gələcək üçün nə etdiyini isə mövsümün arxada qalan hissəsi göstərir. Bu müddətdə klubların futbolumuza nə verdiyini dedikdə də onların yeni kəşflərini nəzərdə tuturduq. Premyer Liqa təmsilçilərinin heyətində meydana çıxan, Azərbaycan futbolunun yetirməsi olub Cənubi Rusiyadan oğurlanmış məhsul olmayan debütantların özünü necə göstərdiyinə baxmaq bunun üçün kifayətdi.

İlk baxışdan hər şey çox gözəl görünür. Təsəvvür edin ki, həftəsonu baş tutan oyunları nəzərə almasaq, mövsümün 25 turunda 30-a yaxın yerli gənc karyerasında ilk dəfə Premyer Liqada meydana çıxıb. Lakin bu məsələnin yalnız bəzəyən tərəfidi. Digər tərəfi isə heç də ürəkaçan deyil.

Debütantların yalnız 6-sı 10 və daha artıq matçda forma geyib. Bunlardan 5-i də "Sumqayıt"da oynayır. Elita səviyyəsində olmayan klubun əsas heyət oyunçuları Ruslan Tağızadə, Ramil Həşimzadə, Slavik Alxasov, Orxan Əliyev və Eldar Məmmədov debüt mövsümündə Premyer Liqada çox oynaması ilə öyünə bilməz. Çünki "Sumqayıt"ın heyətində oynamaq çox asandı. Paltarını dəyişib meydana çıxırsan, 90 dəqiqə ora-bura qaçırsan və rəqibin necə futbol oynadığını seyr edirsən, sonda uduzursan - olursan futbolçu.

Debüt mövsümündəki oyun sayı ikirəqəmli ədədlə ifadə olunan və müəyyən perspektiv vəd edən futbolçu Asif Mirilidi. İddialı "İnter"in kəşfi sayıla biləcək gənc mövsümün gedişində daha böyük potensialı olduğunu göstərirdi. Lakin bu, müvəqqəti parıltıdan başqa bir şey olmadı. Lakin istənilən halda, az-çox ümid bəslənən debütantlardan biri məhz Mirilidi.
Son vaxtlar mütəmadi oynayan debütantlara baxdıqda isə iddiasız klubların üzvləri çoxluq təşkil edir. Rüstəm Abbasov "Simurq"a keçdikdən, Tural Abbaszadə isə "Kəpəz"də baş məşqçi dəyişikliyinə nail olduqdan sonra daim oynamaqla diqqət çəkir. İlk "altılıq"da çıxış edən klublarda isə belə debütant yalnız 1 nəfərdi. Bu da son turlar yüksəlişdə olan "Qəbələ"nin əsas heyətində artıq əvəzolunmaza çevrilməkdə olan Ürfan Abbasovdu.

Hələ ki, Mirili ilə yanaşı ən yaxşı debütant adına 2-ci namizəd məhz odu. Təbii ki, yerli futbolçular arasında. Yoxsa ki, yaşı daha çox olan cənubi rusiyalını tapıb ona U-21-də forma geyəcək yaşa uyğun sənəd verməklə debütant kəşf etmək olmaz.

Debütantların çoxu isə 1-2 oyunda meydana çıxanlardır. Özü də belələrinə yalnız mənasız qarşılaşmalarda şans verirlər. Məsələn, götürək AZAL-ı. Bir neçə oyunda əvəzedicilərdən təşkil olunan heyətlə meydana çıxan paytaxt təmsilçisi özünə yaraşmayan məğlubiyyətlər aldı. Həmin görüşlərdə isə debütantlar meydan suladı. Lakin təəssüf ki, onların gücü yalnız "sulamağa" çatdı və əsl futbol oynamaq bacarıqları görünmədi. Adətən matçın taleyi həll olunandan sonra bir neçə dəqiqəlik şans qazanan debütantlar isə az qala hər komandada var.

Lakin onların indi vermədiyi faydanı nə vaxtsa verəcəyinə adamın heç inanmağı gəlmir.

FƏRİD