“Artıq itiriləsi heç nəyimiz yoxdur” - MÜSAHİBƏ
03.04.2012 - 12:56
“Artıq itiriləsi heç nəyimiz yoxdur” - MÜSAHİBƏ
“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi

- Komandanızın hesabat turunda “Qəbələ”yə qalib gəldiyi matçı kənardan izlədiniz. Kapitan həmin ev oyununu necə dəyərləndirərdi?
- Kənarda qalmağım zədə, yaxud başqa nəsə ilə bağlı deyildi. Sadəcə, cəzalı olduğumdan, meydana çıxa bilmədim. Çünki hesabımda 4 sarı vərəqə vardı. Onu deyim ki, komandamız yaxşı təsir bağışladı. Düzdür, matçın əvvəlində rəqibin üstünlüyü oldu, hesabı açdı. Ancaq nəzərə almaq lazımdır ki, zədədən yeni qayıdan futbolçularımız var. Məsələn, Uinston Parks bir müddət oynamadığından, formasını yığmaq üçün vaxt lazım idi. Oyunda belə başlanğıcı bununla əlaqələndirərdim. Ancaq sonradan oyunun axarını xeyrimizə dəyişə bildik və elə Parks gözəl qolla hesabı bərabərləşdirdi. Son saniyələrdə isə cərimə zərbəsindən sonra qələbə topunu vura bildik.

- Hərçənd, çoxları qarşılaşmanın 1:1 hesabı ilə nəticələnəcəyini gözləyirdi...
- Futbolda sona qədər mübarizə aparmaq vacibdir. Biz də bunu edərək, qələbə qazandıq. Bununla da söz-söhbətlərin əsassız olduğunu göstərdik. Bilirsiniz, biz itirdiyimizi itirmişik, artıq bundan sonra itiriləsi heç nəyimiz yoxdur. Futbolda uğursuz çıxış edəndə də əlini yana salmaq lazım deyil. Təslim olmayıb, axıradək mübarizə aparmaq lazımdır. Son dəqiqə, son 1 saniyəyə kimi oynamağımız buna sübutdur.

- Bu qələbədən sonra “Qəbələ” ilə xal fərqini 1-ə endirdiniz. 6-cı pillədə olan “Bakı”nın çempionatdan avrokuboklara çıxmaq şansını necə dəyərləndirərdiniz?
- Əlbəttə, şansımız var. Hələ çempionatın sonuna kimi 6 oyun var. Biz Premyer Liqa və kubok oyununa fərq qoymuruq. Göründüyü kimi, hər bir matça tam heyətlə çıxırıq. “Bakı”nın adı, imici var. Bu üzdən rəqiblərdən asılı olmayaraq, qalan bütün oyunlarımızda uğurlu çıxış etməyə çalışacağıq.

- Onu nəzərə alaq ki, çempionatla müqayisədə ölkə kubokundan Avropaya yol daha asandır...
- Düzdür, kubokdan avrokuboklara çıxmağımız real görünür. Çünki artıq yarımfinaldayıq və turnirin sonuna 3 oyun qalıb. Kuboku da nəzərə alsaq, mövsümü mükafatla başa vurmaq istəyirik. Buna şansımız var və sonadək mübarizə aparacağıq. Rəhbərliyin bizə çəkdiyi zəhmətin qarşılığını vermək istəyirik.

- Elə ola bilər ki, ölkə kubokunun finalçısı, yaxud çempionatda 4-cü yeri tutan komanda da Avroliqaya vəsiqə qazansın...
- Elədir. İlk 3 pillədə gedən komanda – “Neftçi”, “Qarabağ” və “İnter” kubokda da mübarizəsini davam etdirir. Biz də onlar sırasındayıq. Əgər bu 4 komanda çempionatı ilk 4 pillədə başa vursa, deməli, avtomatik avrokuboklarda təmsilçilərimiz onlar olacaq. Ona görə 4-cü yerin tutmağın faydasını görmək mümkündür.

- “Bakı” latviyalı baş məşqçisi Aleksandr Starkovun gedişindən sonra yaxşı çıxış edir. Komanda hazırkı çalışdırıcı Novruz Əzimovun rəhbərliyi altında kubokun yarımfinalına çıxdı, “altılıq”da 2 qələbə qazandı....
- Hər insanın öz fikri, qərarı var. Biz də ona hörmət edirik. Starkov postundan getməyi lazım bildi. Hər məşqçi öz taktikasına, hazırlıq proqramına malikdir. Biz futbolçuların işi yaxşı hazırlaşıb, baş məşqçilərin tapşırıqlarını yerinə yetirməkdir. Əsas odur ki, sonda nəticə qazanaq və biz bunun üçün çalışırıq.

Mehman SÜLEYMANOV