AFFA-dan “Neftçi”yə 4 min manatlıq cərimə
03.04.2012 - 14:10
AFFA-dan “Neftçi”yə 4 min manatlıq cərimə
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXVI turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

Azərbaycan Kubokunun “Xəzər Lənkəran” – “İnter” matçının 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Bakı” ilə oyunda AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. Oyunun 45+1-ci dəqiqəsində AZAL-ın futbolçusu Nuqzar Kvirtiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün oyunluq cəzalanıb, klubu isə 2000 manat cərimələnib.

“Neftçi” – “Kəpəz” matçı başa çatdıqdan sonra matçın protokolunda meydan sahibləri oyunun yekunu ilə bağlı öz etirazını bildirib. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra bununla bağlı qərarını açıqlayıb. Matçın 79-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Əli İsmayılov “Neftçi”nin üzvü Mirhüseyn Seyidova qarşı aqressiv hərəkətə, rəqibi isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün hər ikisi 3 oyunluq cəzalanır. Bundan başqa “Kəpəz” 3000, “Neftçi” 2000 manat cərimə edilib. Hər iki futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir, və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyunun 80-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub daha 2000 manat ziyana düşüb.
Premyer Liqanın “Bakı” – “Qəbələ” matçının 58-ci dəqiqəsində meydan sahiblərinin nümayəndəsi Vüqar Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu üzdən o, 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. “Neftçi” ilə matçının 8-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat ziyaan düşüb.