“Hakim ədalətsizliyi ilə hər tur bir çox komanda qarşılaşır”
03.04.2012 - 21:34
 “Hakim ədalətsizliyi ilə hər tur bir çox komanda qarşılaşır”
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin Unibank Premyer Liqasının XXVI turunda “Xəzər Lənkəran”la oyunda baş verənlərlə bağlı fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, Nikolov klubun rəsmi saytına açıqlamasında oyunun baş hakimi Elçin Məmmədovun idarəçiliyindən kəskin narazılıq edib. Bolqarıstanlı prezident deyib: “Oyunun mübahisəli epizodlarıyla tanış olmuşam və demək istəyirəm ki, bu anların böyük əksəriyyətinə iddiamız var. Bizdə hakimlər briqadasının işilə bağlı ciddi suallarımız yaranıb və İntizam Komitəsinin qərarlarıyla razı deyiləm. Axı qeyd olunur ki, hakimliklə bağlı ölçü götürülməlidir, ancaq eyni zamanda hakimin qərarları qüvvədə saxlanılır. Düşünürəm ki, İntizam Komitəsi kimin haqlı, kimin haqsız olması planında konkret qərar qəbul etməlidir. Səmimi deyim ki, belə qərardan çox məyus olmuşam. İnanırdım ki, gec-tez klubun xeyrinə qərar qəbul olunacaq, təəssüf, bu, baş vermədi. Hakimlər və İntizam Komitəsinin hakimlərini müdafiə etmək arzularını anlayıram, lakin yadda saxlamaq lazımdır ki, futbol federasiyası daha çox klublar üçün mövcuddur. Axı əgər bu klublar olmasa, federasiyanın özü də, futbol da olmayacaq. Əlavə edim ki, mən təkcə “İnter”ə olan ədalətsizliyi nəzərdə tutmuram, belə ədalətsizliklə hər turda bir çox komanda qarşılaşır. Məsələn, elə həmin “Xəzər-Lənkəran”ı göstərmək olar. Əlavə edim ki, hazırda hakimlik barədə “Neftçi” də və digər komandalar da şikayət edir. Bir sözlə, bu məsələdə bizim obyektivliyə ehtiyacımız var. Mən gənc hakimin təcrübəsizlikdən səhvə yol verməsini anlayıram, ancaq daxili və xarici oyunlarda böyük təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə “İnter”in 2 futbolçusu meydançadan qovulub. Paytaxt komandasının qapısına ilk qol mübahisəli penalti epizodundan sonra vurulub. Həm Əziz Quliyev, həm də Valeri Abramidzeyə göstərilən qırmızı vərəqələr “İnter”in etirazına səbəb olub.