Yenilik: “Ayın oyunçusu” Qəbələdə mükafatlandırılacaq
03.04.2012 - 21:37
Yenilik: “Ayın oyunçusu” Qəbələdə mükafatlandırılacaq
Futbol üzrə Unibank Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu Qəbələ şəhər stadionunda mükafatlandırılacaq. Lent.az-ın məlumatına görə, jurnalistlər, futbol klublarının baş məşqçiləri və kapitanları arasında aparılmış sorğu nəticəsində “Qəbələ”nin hücumçusu Yannik Kamanan “ayın oyunçusu” seçilib.

31 yaşlı hücumçuya mükafat ilk dəfə oyun vaxtı təqdim olunacaq. Bu məqsədlə “Unibank” və Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri jurnalistlərlə birgə aprelin 7-də səfərə çıxacaqlar. Onlar həmin gün Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Qəbələ” ilə “Xəzər Lənkəran” arasında baş tutacaq oyunu izləyəcəklər. Qarşılaşmadan öncə fransalı forvarda “Unibank”dan 1111 manat pul mükafatı, PFL-dən isə qiymətli hədiyyə təqdim olunacaq.

Qeyd edək ki, Yannik Kamanan martda “Qəbələ”nin uğurlarında böyük pay sahibi olub. O, ötən ay Unibank Premyer Liqasında 6 qola imza atıb.