Ünvanı səhv salan Sxadadze
03.04.2012 - 23:10
Ünvanı səhv salan Sxadadze
"Xəzər Lənkəran"la oyunda məğlubiyyəti həzm edə bilməyən Kaxaber Sxadadze bazar günü baş tutan qarşılaşmadan dərhal sonra qalmaqal yaratdı. "İnter"in çalışdırıcısı komandasının 0:2 hesabı ilə uduzmasını hakimlərin ədalətsiz qərarlarına bağladı. Amma etirazını qarşılaşmanın baş hakimi Elçin Məmmədova yox, Cənub klubuna yenicə baş məşqçi təyin olunan Yunis Hüseynova çatdırdı.

Sxadadzenin uduzmağı bacarmadığı çoxlarına bəllidi. Amma hər şeyin də bir həddi-hüdudu var. "Yunis, sən məni heç vaxt uda bilmərsən" - deyib, vay-şivən salmağın nə mənası var? Özünə hörmət qoyan məşqçi belə sözü dilinə gətirməz. Fakt budu ki, bazar günü baş tutan matçda "Xəzər Lənkəran" "İnter"i həm oyun, həm də nəticə baxımından üstələdi.

Əgər hakimlərdən narazısansa, get, Elçin Məmmədovun, onun köməkçilərinin boğazından yapış. Daha Hüseynovla nə işin var? Hakimlərlə haqq-hesab çəkməyə hünərin çatmırsa, buna görə cəzalanacağından qorxursansa, bu başqa məsələ.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Xəzər Lənkəran" "İnter"lə heç-heçə edib (1:1), mübarizəni dayandırır. Amma buna rəğmən, Yunis bəy Kaxanın boynunu qucaqlayıb, onu təbrik edir. Lakin bir neçə gün sonra milli çempionatlarımız tarixində baş məşqçi kimi 200-cü oyununa çıxan Hüseynov "Xəzər Lənkəran"ın çalışdırıcısı qismində ilk qələbəsini qazananda Sxadadzenin yersiz təhqirləri ilə üzləşir. Cəzalanmaqdan qorxub, hakimlər otağına yaxın düşə bilməyən Kaxa heyfini həmkarından çıxır. Halbuki, özünə hörmət qoyan bir məşqçi həmkarının belə xoş günündə fərqli davranmalı idi.

Sxadadzenin qorxaqlıqdan irəli gələn yersiz davranışının ardından "İnter" olayla bağlı gülünc bəyanat yayıb. Paytaxt klubunun açıqlamasından belə çıxır ki, Sxadadze istənilən hoqqadan çıxsa, kimsə ona "gözün üstə qaşın var" deməməlidi: "İnter"in çalışdırıcısı Kaxaber Sxadadze həmkarının ünvanına səsləndirdiyi fikirlərdə heç bir təhqiramiz ifadələr yer almamışdı, o, ancaq hakimlik barədə öz narazılığını bildirmişdi. Əlavə edək ki, "İnter" Peşəkar İdman Klubu bu gün də "Xəzər-Lənkəran" klubuna və bu klubda çalışan hər bir insana hörmətlə yanaşır. Xatırladaq ki, bu komandalar arasında Lənkəranda baş tutan ikinci dövrənin qarşılaşmasında tribunadan atılan daşın Kaxaber Sxadadzenin başına dəyməsinə baxmayaraq, "İnter" klubu hadısəni şişirtməmiş, məşqçinin özü isə bu barədə mətbuata açıqlama verməkdən imtina etmişdi. Hesab edirik ki, indi sakitləşmək və sözügedən hadisənin ətrafında yaranmış süni ajiotajın artmasına imkan verməmək lazımdı. Onsuz da hami bilir ki, Kaxaber Sxadadze hansı klublarda futbolçu kimi çıxış etmiş və məşqçilik karyerasında hansı uğurlara imza atmışdı. Bunu bilməyənlər isə Google və "Vikipediya"dan özlərini məlumatlandıra bilərlər. Aralarındakı söhbətləri informasiya meydanında həll etməklə və bunu həyata keçirməklə "İnter"in, həmçinin Kaxaber Sxadadzenin xoşlamayanlara əlavə "qida" verməyə lüzum yoxdu. Onsuz da, bundan Azərbaycan futboluna bir xeyir gələn deyil".

"İnter"in bəyanatında da qeyd olunur ki, Sxadadze ancaq hakimlik barədə öz narazılığını bildirib. Məgər gürcüstanlı çalışdırıcı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovu səhv salacaq qədər yaddaşsızdı?

Nə vaxtdan hakimlərin işinə görə rəqib komandanın baş məşqçisi məsuliyyət daşıyır? Əgər idarəçilikdən narazısansa, get, Elçin Məmmədova etirazını bildir. Hüseynovun bu işə nə aidiyyatı var? Ola bilər hakimlərin qərəzli olmasında Yunis bəyi günahkar bilir, hansısa gizli olaylardan xəbərdardı. Bu zaman da şikayət ediləsi ünvan doğru seçilməyib. AFFA, PFL və s. var.

Sxadadzenin karyerasına gəlincə, onun necə bir futbolçu və necə məşqçi olduğunu bilirik. Amma Kaxa yox, lap Fabio Kapello olsun, kimsənin həmkarına qarşı belə ədəbsiz hərəkət etməyə haqqı yoxdu.

ŞAMO