“Azərbaycan yığması yüksək səviyyəyə malikdir” - MÜSAHİBƏ
04.04.2012 - 10:50
“Azərbaycan yığması yüksək səviyyəyə malikdir” - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının baş məşqçisi Mika Laurikaynen ölkəsinin futbol federasiyasının saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, o, bu gün millimizlə keçiriləcək yoxlama oyunu haqda da danışıb.

- Komandanız Azərbaycanla oyuna nə dərəcədə hazırdır?
- Görüşdən 1 gün əvvəl tam heyətlə yığışdığımızdan, cəmi 1 məşq keçmişik. Lakin futbolçularımızın əksəriyyəti yığmada zəngin təcrübəyə malikdir. Düzdür, debütantlarımız da var. Lakin hamısı özünü yaxşı tərəfdən göstərənlərdir. Bu üzdən də az məşq etməyin problemi olmamalıdır.

- Az məşq etməyin uyğunlaşmada problem yaradacağından çəkinmirsiniz?
- Niyə ki? HİK-də oynayan futbolçular arasında kifayət qədər anlaşma var. Bu komandanın 5 üzvü bir yerdə oynayacaq.

- Azərbaycan yığması haqda hansı məlumatınız var?
- Onlar Avropa çempionatının seçmə mərhələsində mübarizə aparırlar. Belçika və İslandiya ilə uğurlu oyunlar keçiriblər. Sübut ediblər ki, yüksək səviyyəyə malikdirlər. Azərbaycanın 1992-ci il təvəllüdlüləri ilə ötən il də qarşılaşmışdıq.

- Rəqib komandada hansısa futbolçuları tanıyırsınız?
- Konkret heç birini tanımıram. Amma bilirəm ki, yaxşı komandaya malikdirlər. Amma mənim üçün ən vacib olanı rəqib yox, öz komandamız, göstərəcəyimiz oyundur.

- Bu oyunda ən çox çəkindiyiniz nədir?
- Komandada son vaxtlar islahatlar gedib. Xeyli dəyişikliklər olub. Üstəlik, zədəlilərin də olması oyunumuza mənfi təsir edə bilər.