“Musayev bizi inandıra bilsə, üzr istəyəcəm”
04.04.2012 - 11:00
“Musayev bizi inandıra bilsə, üzr istəyəcəm”
“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- AFFA-nın İntizam Komitəsi “Xəzər Lənkəran” - “İnter” matçında baş verən hadisələrlə bağlı qərar çıxardı. Bu haqda nə deyə bilərsiniz?
- İntizam Komitəsinin klubumuza güzəştə gedəcəyi çətin məsələ idi. Bizim üçün elə də yaxşı nəyəsə ümid etmirdim.

- Qırmızı vərəqə alan futbolçularınız Əziz Quliyevə 1, Valeri Abramidzeyə 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Baş məşqçi Kaxaber Sxadadze ilə “Xəzər Lənkəran”dakı həmkarı Yunis Hüseynov bir-birinə qarşı qeyri-etik münasibət bildirdiyindən, hər ikisinə ciddi xəbərdarlıq edilib...
- Qoy olsun, nə etmək olar? İntizam Komitəsi qərar çıxarmaq hüququna malikdir. Onlar məsələni belə ədalətli şəkildə həll etdilər. Bundan razı ola bilmərəm. Ancaq nə edəsən? Bəs niyə futbolçumuza yox, hakimə inanmaq lazım idi? Bax, bu sualdır. 2 kişi bir-birinə qarşıdır. Nə üçün yan xətt hakiminin sözünə inanırlar, bizim oyunçuya yox? Abramidze mənə dedi ki, heç kimi söyməyib. Sadəcə, narazılığını rusca çox emosional şəkildə bildirib. Nə isə, bunların nə fərqi var ki... Belə olmalı idi, belə də oldu.

- Hər halda, klubunuza 4200 manat cərimə kəsilib. Bu da büdcənizə təsir edir...
- Nə etmək olar? Yəqin ki, cəriməyə görə belə qərar verilib. Əsas səbəb cərimələmək, cərimələmək və yenə cərimələməkdir. Belədir də. İntizam Komitəsi bundan sonra da bizləri – ya kimsə qırmızı vərəqə alanda, ya da futbolçu narazılığını bildirəndə cərimələyə bilər. Biz məsələnin bu tərəfini başa düşmürük. Sanki biz cərimələr üçün işləyirik. Eybi yoxdur, belə də olsun, cəriməni ödəyərik. Bununla müflis olmarıq.

- Matçın baş hakimi Elçin Məmmədovun idarəçiliyini qərəzli sayırsınız?
- Bizim operatorlar həmin epizodları çəkiblər. 11-12 epizod var. Hesab edirəm ki, onlardan ən azı 7-də hakimin qərəzli olması görünür. Ancaq yəqin ki, İntizam Komitəsində mənimlə müqayisədə daha yaxşı peşəkarlar var və onlar epizodları başqa cür görüblər.

- Qarşılaşmanın həlledici anı qapınıza təyin olunan penalti və qayda pozuntusu edən Əziz Quliyevə 2-ci sarı vərəqə göstərilib, meydandan qovulması oldu. Bu haqda nə düşünürsünüz?
- Şəxsi fikrim belədir ki, təkrarda gördüyüm qədər penalti yox idi. Onlar – Əzizlə rəqibin uzun saçlı futbolçusu bir-birini itələyirdi. Söhbət bundan getmir. Məsələ ondadır ki, oyunun sonunda “Xəzər Lənkəran”ın qapısında analoji vəziyyət yaranmışdı. Bu, qapımız qarşısında olan qayda pozuntusunun yüz faiz təkrarı idi. Rəqib həmin şəkildə Abramidzenin çiynindən, formasından tutaraq, onu cərimə meydanında yerə yıxır. Ancaq hakimin fiti susur. Halbuki, hakim epizoddan uzağı 10 metr aralıdadır. Hesab edirəm ki, əgər Əziz qayda pozmuşdusa, Abramidzeyə qarşı da yüz faiz penalti vardı.

- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib ki, “İnter”in onlara təqdim etdiyi çəkilişdə penalti olduğu aşkar görünür və oyunda qərəzli hakim görməyiblər...
- Onunla danışmışam. Musayevə söz verdim ki, əgər bizi haqlı olmadığımıza inandıra bilsə, mətbuat vasitəsilə, yaxud başqa formada üzr istəyəcəyəm. Ancaq indiki vəziyyətdə görürəm ki, narazılığımızda haqlıyıq. Yaxşı, belə deyək ki, Əzizin rəqibə qarşı qayda pozuntusu penaltilik idi. Bəs sonra “Xəzər Lənkəran”ın cərimə meydanındakı eyni qayda pozuntusuna niyə penalti verilmədi? Belə olmaz axı.

- Sxadadzenin hərəkətlərini necə qiymətləndirərdiniz?
- Sxadadzenin əsəblərini saxlaya bilməməsinə haqq qazandıra bilmərəm. İnsanın özünü idarə etməməyi, emosiyalarını cilovlaya bilməməyi haqq qazandırılası deyil. Ancaq indiki vəziyyətdə məsələ fərqlidir. O, Yunis Hüseynovu söyməyib. Sadəcə, ona deyib ki, siz bizi azlıqda uda bilərsiniz. Başqa söhbət olmayıb. Yunis nahaq inciyir.

- “İnter” “altılığ”a qələbə ilə başlasa da, sonradan ardıcıl 3 məğlubiyyət aldı. Bu 9 xal itkisi sonda sizə baha başa gələ bilər. Uğursuz çıxışı nə ilə əlaqələndirərdiniz?
- Hər dəfə uda bilməzsən ki... Axı biz “Barselona” deyilik. Hələ qarşıda 6 oyun və xal itkisini sığortalaya bilərik. Əsas üstünlüyümüz ondadır ki, “İnter”in komanda ruhu var. Bu, bizə turnir cədvəlində yüksəlməyə kömək edəcək.

- Kubokda da mübarizəni davam etdirdiyinizdən, avrokuboklara çıxmağınız realdır. Komandanız indiyədək 4 dəfə çıxdığı finalda həmişə uduzub...
- Mən çempionluqdan da imtina etmirəm. Əgər bu da olsa, lap yaxşı olar.

- Yəni, lider “Neftçi” ilə 5 xal fərqini elə də böyük saymırsınız?
- Bəli. 2 məğlubiyyət, 2 qələbə ilə hər şey dəyişir. Düzdür, bilirik ki, çempionluğa başqa namizədlər də var. Ona görə də rəqabət böyükdür və çempionluğu qazanmaq çətin olacaq. Həyatda asan heç nə olmur.

- Üstəlik, ehtiyatda oyunçularınız az olduğundan, meydandakılar daha çox yüklənirlər. Bu, azmış kimi, 2 futbolçunuz da cəzalı olduğundan, bir müddət oynamayacaq...
- Fikrimcə, Abramidzeyə layiqli əvəzləyicimiz var. Bu, Danillo Assiolidir. O, müdafiə planında pis deyil. Əzizə görə üzülürəm. Gənc futbolçudur, yaxşı oğlandır. Çətin ki, karyerasını korlamaq istəyər. 1-ci sarı vərəqəni heç nədən aldı. Hakim ilk dəqiqədə ona kuryoz sarı vərəqə göstərdi. 2-ci sarı vərəqəni də göstərməyin yeri yox idi. O, komandasının əleyhinə qəsdən heç nə eləməmişdi. 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından, yalnız 1 oyun buraxacaq. Quliyevin yerində İlya Kandelaki oynayır. Fikrimcə, müdafiə xəttimiz bu cəzalardan ciddi xəsarət almayacaq. Ancaq əsas problemimiz hücum planındadır. Çünki çempionatda 26 oyuna cəmi 24 qol vurmuşuq.

Mehman SÜLEYMANOV