“Bu məsələni artıq gülünc vəziyyətə salıblar”
04.04.2012 - 13:11
“Bu məsələni artıq gülünc vəziyyətə salıblar”
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- “İnter”ə qalib gəldiyiniz görüşdə böyük gərginlik yaşandı, 3 futbolçu meydandan qovuldu, baş məşqçilər arasında xoşagəlməz olay yaşandı. Baş verənlərlə bağlı mövqeyiniz necədir?
- Hər 2 komandanın qələbə istəyinin böyük olması, meydançada hiss edilirdi. Ümumi götürəndə, komandamız aşkar üstünlüyə malik idi. Bunu oyunu seyr edənlər də gördü. Hətta matçın əvvəlində hakim səhvləri müşahidə olundu. Bəlkə bunlarla bağlı ölçü götürülsəydi, vəziyyət bu dərəcəyə çatıb, rəqibin 2 futbolçusu qırmızı vərəqə alıb, meydanı tərk etməzdi. Bizdə də qırmızı vərəqə alan futbolçular olur. Bilirsiniz, söhbət komandanın 9-10 nəfərlə qalmağında deyil. Bizim də “İnter”lə Bakıdakı oyunun sonunda qapımıza 11 metrlik cərimə zərbəsi verildi. 2:1 hesabı ilə qalib gəlirdik, sonda 2:3 hesabı ilə uduzduq. İndi belə çıxır ki, biz də məğlubiyyətin səbəbini ancaq hakimin üstünə atmalıyıq. Ancaq onda hakimin səhvləri daha çox idi. Oyuna gəlincə, layiqli qələbə qazandıq. Bunu hər kəs təsdiq edə bilər. Üstəlik, hakim qərəzli olmasaydı, “Xəzər Lənkəran” daha böyük fərqlə qalib gələcəkdi.

- Siz hakim qərəzini nədə görürsünüz? Hansı epizodlarla bağlı çıxarılan qərarlar sizdə narazılıq doğurdu?
- Son 3 oyunumuzun hamısında hakim səhvləri olub. “İnter”lə Bakıdakı kubok oyununda, çempionatda digər komandalarla matçlarda da elə olurdu ki, qapımıza 11 metrlik cərimə zərbəsi verilir, ancaq oxşar epizodda rəqibə penalti təyin olunmur. Top ələ toxundu, toxunmadı söhbətini Azərbaycanda böyük müzakirə obyektinə çeviriblər. Sanki bir azdan dünya futbol qaydaları yox, Azərbaycanın öz futbol qaydaları yazılacaq. Mən elə düşünürəm ki, bizdə futbol qaydalarının özünəməxsus statusu olacaq. Bir futbolçu əllə oynayır, penalti verilir, ancaq başqa oyunda həmin hərəkət qayda pozuntusu kimi dəyərləndirilmir. “İnter”lə Lənkərandakı kubok oyununda futbolçumuz qol anında guya ofsayda düşüb, yan xətt hakimi bayrağını qaldırdı. Ancaq video təkrara baxanda, ofsayd yox idi. Hakimin gözü qarşısında futbolçu topa əllə toxunur, ancaq penalti verilmir. Çoxları komandanın zəif oyununu da hakimin üzərinə yıxır. Biz həmişə öyrəşmişik ki, qələbə çalanda, nəticə qazananda yox, uduzanda hakimlikdən danışaq. Gəlin, məğlubiyyətin səbəbini hakimin üzərinə yıxmayaq. Buna qədər də bizə qarşı hakim ədalətsizliyi olub. Son matçda qərəzli demirəm, ancaq hakim ədalətsizliyi çox idi.

- “İnter”in prezidenti Georgi Nikolov saytımıza müsahibəsində bildirib ki, onlara qarşı hakim qərəzi vardı. Bunu onunla əsaslandırır ki, onların qapısına təyin edilən penalti zərbəsi zamanı qayda pozuntusu sonradan “Xəzər Lənkləran”ın cərimə meydançasında olsa da, hakim bunu 11 metrlik kimi qeydə almır...
- Nikolovun müsahibəsini şərh etmək fikrində deyiləm. “İnter” rəhbərliyinə hörmətimiz var. Kimsə “Xəzər Lənkəran”ın qələbəsinə kölgə sala bilməz. Çünki hakim “İnter”lə matçda tam ədalətli, yaxşı oyun idarə etsəydi, komandamız daha çox qol vurub, qalib gələrdi.

- Topa əllə toxunmaqla bağlı düşüncəniz nədir?
- Birdəfəlik bu məsələyə aydınlıq gətirmək lazımdır. Futbolçu topa əllə toxundu, toxunmadı – bu məsələni artıq gülünc vəziyyətə salıblar. Bəzi mətbuat, klub, federasiya əməkdaşları gülməli sözləri danışırlar. Dediyim kimi, özünəməxsus futbol qaydaları icad eləməklə məşğul olmamalıdırlar. Bu, Azərbaycan futboluna başucalığı gətirmir. Bəlli qanunlar, bəlli çərçivələr var. FİFA-nın oyun qaydalarında hər şey açıq yazılıb və buna uyğun müddəalar var. Buna baxıb, qərar vermək lazımdır. Yoxsa səhv eləyəndə bu, penalti sayılır, səhv eləməyəndə sayılmır – belə şeylər sadəcə, ayıbdır.

- Baş məşqçiniz Yunis Hüseynovla “İnter”in gürcü çalışdırıcısı Kaxaber Sxadadze arasında baş verənlərə necə qiymət verərdiniz?
- Yunis müəllim kubok oyunundan sonra rəqib komandanın düşərgəsində baş məşqçi və futbolçuları hamının qarşısında təbrik etmişdi. Onlar da öz tərəfindən minnətdarlıqlarını bildirmişdilər. Bu dəfə Sxadadze düşərgəmizə gəldi, ancaq əfsuslar olsun ki, o, bunu etməyə yox, narazılığını bildirməyə. Burda başqa bir şey olmayıb. Bunu indi şişirdiblər, ancaq fakt belə olub. Dəfələrlə elə olub ki, məğlub olduqdan sonra gəlib, qalib komandanı təbrik ediblər. Bu, idmanın özəlliyidir ki, kim məğlub olursa, rəqibi təbrik eləməlidir. Çünki hər bir tərəf qalib ola bilər. Ancaq gəlib etiraz bildirmək, yaxud xoşagəlməyən ifadələr işlətmək, şər atmaq – heç bir komandaya, heç kimə başucalığı gətirmir.

- Qələbənizdən sonra çempionluq uğrunda mübarizə daha da gərginləşib. İndi komandanızı növbəti turda “Qəbələ” ilə çətin səfər oyunu gözləyir. Rəqibə də qələbə çox lazımdır. Aprelin 7-də keçiriləcək matç haqda nə düşünürsünüz?
- Çempionluğa oynayan bir komandanın rəhbəri kimi yalnız qələbə gözləyə bilərik. Elə bilirəm ki, bu qələbəni də komandamız qazana biləcək. “Xəzər Lənkəran” çempionat bitəndən sonra öz layiq olduğu yerini tutmalıdır. Komandamız bunun üçün də mübarizə aparacaq. Qarşıda hələ 6 oyun var və bunda maksimum nəticə qazanmağı nəzərdə tutmuşuq.

Mehman SÜLEYMANOV