“Yeni baş məşqçinin namizədliyini Yunis Hüseynov irəli sürüb”
04.04.2012 - 13:53
“Yeni baş məşqçinin namizədliyini Yunis Hüseynov irəli sürüb”
“Əvəzedici heyətin baş məşqçisi postunda dəyişiklik artıq reallaşıb. Elbrus Məmmədov komandamızın yeni çalışdırıcısı təyin olunub”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub təmsilçisində əsas komandanın ardınca əvəzedici heyətin türkiyəli çalışdırıcısının də istefası reallaşıb. Belə ki, Cüneyt Biçər gətirdiyi həmyerlisi İlhan Akgül da baş məşqçi postunda fəaliyyətini başa vurub. Türkiyəliləri azərbaycanlı həmkarları əvəzləyib ki, Yunis Hüseynovdan sonra Elbrus Məmmədov “Xəzər Lənkəran”a gətirilib.

Yeni təyinatdan danışan Nadirov Məmmədovun namizədliyini yeni baş məşqçilərinin etdiyini bildirib: “Elbrus müəllim indi müqavilə bağlandığından, təyinatı yenidir. Bundan sonra necə olacağını zaman göstərəcək. Baş məşqçi köməkçilərini özü müəyyənləşdirir. Məmmədovun təyin olunmağı əsas komandanın baş məşqçisinin qərarıdır. Yəni Yunis Hüseynov təkcə əsas komandanın yox, “Xəzər Lənkəran” klubunun baş məşqçisidir. Əlbəttə, əsas komandanın çalışdırıcı əvəzedici heyətin baş məşqçisinin namizədliyini irəli sürür. Klub rəhbərliyi də öz növbəsində onu təsdiqləyir. Əvəzedici heyətimiz əsas komandaya tabedir”.

Vitse-prezident bildirib ki, Hüseynovun korpusunda yeni bir məşqçinin olmağı artıq onun özündən asılı olan məsələdir: “Türkiyəli məşqçilərimizə gəlincə, Akgüldən fərqli Biçər klubumuzda fəaliyyətini davam etdirərək, “Xəzər Lənkəran”ın Futbol Akademiyasına rəhbərlik edir. Onun öz işləri var, onlarla məşğuldur.

Qeyd edək ki, 41 yaşlı Məmmədov milli çempionatımızda müxtəlif klublarda oynayıb. O, “İnter”, “Standard”, “Neftçi”də köməkçi məşqçi işləyib.

Mehman SÜLEYMANOV