“Neftçi”nin yetişdirdiyi “lipa”
04.04.2012 - 15:14
“Neftçi”nin yetişdirdiyi “lipa”
Azərbaycan futbolu “lipa”lardan qurtula bilmir. Növbəti belə fırıldağın üstünü isə apasport.az saytı açıb.

Həmin futbolçu Azərbaycan millisinin (U-21) və “Sumqayıt” klubunun müdafiəçisi Ruslan Tağızadədir. Neçə illərdir yığmalarda oynayan, lakin “böyüməyib” hələ də “U”ların tərkibində qalan bu “perspektivli” futbolçunun “həmişəcavanlığının” sirri açılıb. Belə ki, Ruslan özü də bilmədən, “lipa” olduğunu hamıya bildirib.

Məsələ ondadır ki, bütün sənədlərində - həm AFFA (http://affa.az/index.php?r=44〈=az), həm PFL-in (http://www.pfl.az/player/210) rəsmi saytı Ruslanın təvəllüdünü U-21-ə münasib olan qaydada göstərir: 09.12.1993.

Lakin futbolçu özü açdığı facebook səhifəsində tarixi fərqli göstərib: 09.12.1991. Əslində, onun 2 yaş kiçilməsini “lipa” olması ilə izah etmək tam düzgün olmazdı. Bəlkə də heç “lipa” deyil. Sadəcə, anadan olduğu tarixdən bixəbərdir. Təvəllüdünü dəqiq bilmədiyi üçün özünü 1991-ci il təvəllüdlü sayır.

Tağızadə hazırda U-21-lə birlikdə Finlandiyanın Helsinki şəhərində olduğundan, “lipa” olduğu, yoxsa təvəllüdündən bixəbər olduğunu dəqiqləşdirə bilmədik. Amma meydana 1 sual çıxır: Onun yığmada nə işi? Əgər “lipa”dırsa və “Sumqayıt”a icarəyə verilənədək uzun illər oynadığı “Neftçi”nin heyətində “lipalaşdırılıbsa”, U-21-də oynamamalıdır.

Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin də münasibətini öyrəndik. O, bildirib ki, Tağızadənin AFFA-ya təqdim etdiyi sənəddə 1993-cü ildə anadan olduğu göstərilib.