Milli komandamızın Tümenə səfərinin vaxtı dəqiqləşdi
04.04.2012 - 15:56
Milli komandamızın Tümenə səfərinin vaxtı dəqiqləşdi
Azərbaycan futzal yığmasının dünya çempionatının pley-off mərhələsində cavab matçını keçirəcəyi Rusiyaya səfərinin vaxtı dəqiqləşib. AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev apasport.az saytına açıqlamasında yığmamızın Rusiya millisi ilə üzləşəcəyi Tümenə aprelin 8-də səhər 7-də yollanacağını bildirib. O, səfərin nəzərdə tutulduğu kimi çarter reysi ilə olacağını bildirib: “Nümayəndə heyətində 30 nəfər olacaq ki, bunun 22-si komanda üzvləridir. Səfər çarter reysi olduğundan, uçuş 3 saat nəzərdə tutulub. Millimiz həmin gün axşamüstü Tümendə məşqə çıxacaq ki, bu da oyuna son hazırlıq olacaq. Hələliklə yığmamız Bakıda təlim-məşq toplanışını davam etdirir. Oyunun ertəsi – aprelin 10-da saat 10-da Bakıya qayıdış olacaq”.

Xudiyev millimizin əsas qapıçısı Andrey Tveryankinin Tümenə yollanan heyətdə yer almayacağını söyləyib: “Bildiyiniz kimi, onun klubu ilə Rusiya çempionatda son oyununda zədə problemi yaranıb. Artıq mətbuatda bununla bağlı xəbərlər yer alıb. Andreyin cəzası bitsə də, bu dəfə zədə üzündən bizə kömək edə bilməyəcək. Buna görə ona dəvət göndərilməyinə lüzum görülməyib. Millimiz Rüfət Balakişiyevin dəvət olunmağı ilə cavab matçına 14 nəfərlə hazırlaşır. Qaydalara görə, FİFA-ya təqdim olunan iştirak ərizəsində maksimum bu qədər oyunçu sifariş edə bilərik. Onun 12-si matçın protokolunda yer ala bilər”.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-də başlayacaq. Tümen saat qurşağına görə Bakıdan 1, Moskvadan isə 2 saat qabaqdır.

Mehman SÜLEYMANOV